Mamuka Xazaradze və Badri Caparidze Anakliya limanı ilə bağlı iddianı Vaşinqton arbitrajında da uduzdular
Gürcüstan Ədliyyə Nazirliyinin yaydığı məlumata əsasən, Mamuka Xazaradze və Badri Caparidze Anakliya dərin dəniz limanı layihəsi ilə bağlı iddianı Vaşinqton arbitrajında da uduzub. Nazirlik bu barədə rəsmi açıqlama yayıb.
“Vaşinqton Arbitrajı — Dünya Bankının İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəzi (ICSID) Anakliya limanı ilə bağlı qərarını elan etdi və Gürcüstan hökumətinin bütün tələblərini təmin etdi.
Bu dəfə də arbitraj təsdiqlədi ki, Anakliya layihəsinin həyata keçirilməməsinə görə məsuliyyət tam şəkildə Mamuka Xazaradzenin, Badri Caparidzenin və onların tərəfdaşlarının üzərinə düşür və Gürcüstan hökuməti tərəfindən heç bir şəkildə layihəyə maneə yaradılmayıb”, – deyə açıqlamada bildirilir.
Arbitraj tribunası Gürcüstan Ədliyyə Nazirliyi tərəfindən hazırlanmış hüquqi arqumentləri tam şəkildə əsaslı hesab edib və müəyyən edib ki:
- Layihənin maliyyələşdirilməsi ilə bağlı öhdəlik tam şəkildə investora məxsus idi. Lakin investor bu vəsaiti əldə edə bilməyib və buna səbəb özündə olub;
- Layihənin kommersiya riski tam şəkildə investora aid idi;
- Hökumətin müqaviləni ləğv etməsi qanuni idi – çünki investora layihənin maliyyəsini tapmaq üçün bir neçə dəfə əlavə vaxt verilmişdi;
- Sübut olunub ki, dövlət müqavilə müddətində Anakliya layihəsini daim dəstəkləyib;
- Mamuka Xazaradze və Badri Caparidzeyə qarşı irəli sürülmüş “pul yuyulması” ittihamı üzrə cinayət təqibinin qanuniliyinə heç bir şübhə doğmayıb;
“Anakliya İnkişaf Konsorsiumu”na – o cümlədən ABŞ-dan olan investisiya fondlarının cəlb edilməsinə Gürcüstan dövləti tərəfindən heç bir maneə yaradılmayıb.
Nazirliyin məlumatına görə, arbitraj çərçivəsində Xazaradze və Caparidzenin hollandiyalı tərəfdaşı Bob Meier Gürcüstan hökumətindən 64 milyon ABŞ dolları tələb edirdi. Lakin arbitraj bu iddiaları rədd edib və əksinə, Bob Meierə hökumətin xeyrinə 6,5 milyon dollar ödəmə vəzifəsi qoyub.
Xatırladaq ki, bir il əvvəl də Anakliya limanı ilə bağlı Paris arbitrajında Mamuka Xazaradze və Badri Caparidzenin “Anakliya Konsorsiumu” Gürcüstan dövlətinə qarşı iddianı uduzmuşdu. Həmin iddia çərçivəsində onlar dövlət büdcəsindən 1,5 milyard ABŞ dolları təzminat tələb edirdilər.
Paris arbitrajı da iddiaçıların bütün tələblərini rədd etmiş, əksinə, onların üzərinə dövlətin xeyrinə 650 min dollar ödəniş öhdəliyi qoymuşdu. Xazaradze və Caparidze bu qərarı apellyasiya etməyib və onlara təyin olunan məbləği ödəyiblər. Ədliyyə Nazirliyinin fikrincə, bu da onların Anakliya layihəsinin uğursuzluğuna görə məsuliyyəti qəbul etdiklərini göstərir.
mənbə: marneulifm