Gürcüstan Milli və Çin Mərkəzi Bankı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

Mar 29, 2025 - 13:42
 0  33
Gürcüstan Milli və Çin Mərkəzi Bankı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

Gürcüstan Milli Bankı ilə Çin Xalq Respublikasının Mərkəzi Bankı arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi və gücləndirilməsi məqsədilə qarşılıqlı anlaşma memorandumu imzalanıb.

Bu barədə Gürcüstan Milli Bankı rəsmi məlumat yayıb.

Razılaşmaya Gürcüstan Milli Bankının prezidenti Natia Turnava və Çin Mərkəzi Bankının prezidenti Pan Qunqşenq imza atıblar. Memorandum Turnavanın rəhbərlik etdiyi Milli Bank nümayəndə heyətinin Çinə səfəri çərçivəsində imzalanıb.

Memorandum beynəlxalq maliyyə mühitində ortaq çağırışların cavablandırılması, sistemli risklərin azaldılması, ticarət və biznes əlaqələrinin təşviqi, həmçinin maliyyə sabitliyinin möhkəmləndirilməsi məqsədilə sıx əməkdaşlığı nəzərdə tutur.

Çin Mərkəzi Bankında keçirilmiş görüş zamanı Natia Turnava iki ölkənin maliyyə sektoru arasında əməkdaşlığın artan dinamikasını vurğulayıb və bildirib ki, gələcəkdə bu tərəfdaşlığın hər iki ölkə üçün səmərəli nəticələr verəcəyinə ümid edir:

“Bizim ortaq məqsədimiz iki ölkənin bank sektorları arasında əməkdaşlığı daha effektiv və yaxın etməkdir. Çin bankları və maliyyə institutları üçün Gürcüstanın maliyyə bazarını daha cəlbedici etməyi planlaşdırırıq. Məmnuniyyət doğurur ki, Çin tərəfi sıx əməkdaşlıqda böyük maraq göstərdi,” – deyə Turnava bildirib.

Milli Bankın yaydığı məlumata əsasən, memorandum çərçivəsində tərəflər monetar siyasət, maliyyə texnologiyaları, ödəniş sistemləri və qiymətli kağızlar bazarının inkişafı sahələrində təcrübə və informasiya mübadiləsi aparacaqlar.

Bundan əlavə, Gürcüstan və Çin Mərkəzi Bankları birgə layihələr həyata keçirəcək və bank xidmətlərinin inkişafına dəstək verəcəklər. Sazişə əsasən, tərəflər ödəniş infrastrukturunun modernləşdirilməsi, xüsusilə də sürətli, effektiv və təhlükəsiz beynəlxalq tranzaksiyaların təşviqi üçün ödəniş sistemlərinin qarşılıqlı əlaqələndirilməsinə xüsusi diqqət ayıracaqlar.

mənbə: interpress