Gürcüstan Milli Bankı kredit şərtlərini sərtləşdirir

Sep 30, 2026 - 14:23
 0  12
Gürcüstan Milli Bankı kredit şərtlərini sərtləşdirir

2027 ildən etibarən fiziki şəxslərə kreditlərin verilməsi şərtləri mərhələli şəkildə sərtləşəcək. Gürcüstan Milli Bankının Maliyyə Sabitliyi Komitəsinin qərarı ilə kredit xidməti əmsalının (PTI) müəyyən edilməsi zamanı istifadə olunan gəlir həddi dəyişir.

XEBER.GE xeber  verir ki, bu gün qüvvədə olan qaydaya əsasən, kredit xidmətinin 25%-lik əmsalı 1500 lariyə qədər gəliri olan borcalanlara şamil edilir. 2027-ci il fevralın 1-dən bu hədd 2000 lariyə, sentyabrın 1-dən isə 2500 lariyə qədər artacaq.

Milli Bank bu dəyişikliyi son illərdə maaşların və digər nominal iqtisadi göstəricilərin artması ilə izah edir. Komitənin qiymətləndirməsinə görə, mövcud sabit hədlər borcalanların gəlirlərinin bölgüsünü və borc yükünü artıq lazımi səviyyədə əks etdirmir. Dyişikliyin məqsədi həmçinin həddindən artıq borclanma risklərinin azaldılması və maliyyə sisteminin dayanıqlılığının qorunub saxlanılmasıdır.

"Kredit xidməti əmsalının hədlərinin ilkin qiymətləndirilməsi 2017-ci ilin statistik məlumatlarına əsaslanırdı ki, bu da 2022-ci ildə bir sıra iqtisadi nominal göstəricilərin artması fonunda yenilənmişdi. Cari mərhələdə qeyd olunan əmsal hədlərinin yenidən kalibrlənməsi zərurəti yenidən yaranıb. Son illərdə yüksək iqtisadi artımla yanaşı, maaşlar və digər nominal göstəricilər əhəmiyyətli dərəcədə artmışdır, nəticəsində mövcud sabit hədlər borcalanların gəlirlərinin cari bölgüsünü və borc yükünü artıq lazımi səviyyədə əks etdirmir. PTI hədlərinin dəyişməz saxlanıldığı təqdirdə, borcalanların bir gəlir kateqoriyasından digərinə keçməsi əsasən nominal gəlirlərin artması ilə şərtlənə bilər, onların real ödəniş qabiliyyətinin və ya risk profilinin əsaslı dəyişməsi ilə deyil.

Müvafiq olaraq, hədlərin yenilənməsi PTI çərçivəsinin cari iqtisadi mühitə uyğunlaşdırılmasını və makroprudensial siyasətin ilkin mövqeyinin saxlanılmasını hədəfləyir. Beləliklə, Komitə qeyd olunan makroprudensial alətin yenidən kalibrlənməsini məqsədəmüvafiq hesab etmişdir.

Eyni zamanda, qeyd olunan dəyişikliyin kəskin birdəfəlik təsirinin qarşısının alınması və effektin zaman ərzində paylanması məqsədilə, Komitənin qərarı ilə kredit xidməti əmsalının həddi mərhələli şəkildə artacaq. Xüsusilə, əgər indiyə qədər kredit xidməti əmsalının 25%-lik tələbi 1500 lariyə qədər gəliri olan şəxslərə şamil edilirdisə, bu hədd 2027-ci il fevralın 1-dən 2000 lariyə, 2027-ci il sentyabrın 1-dən isə 2500 lariyə qədər artacaq. Qeyd olunan dəyişiklik borcalanların həddindən artıq borclanma risklərinin yumşaldılmasına və maliyyə sisteminin dayanıqlılığına kömək edir", – deyə Gürcüstan Milli Bankının Maliyyə Sabitliyi Komitəsinin qərarında qeyd olunub.