"Fayfura" barəsində beynəlxalq axtarış elan edildi: Məhkəmədən qiyabi həbs qərarı
Gürcüstanın hüquq-mühafizə orqanları "oğru dünyası"nın əsas fiqurlarından biri hesab edilən, kriminal aləmdə "Fayfura" ləqəbi ilə tanınan Zaza Farqosadze barəsində beynəlxalq axtarış prosesinə başlayıb.
Xeber.ge xəbər verir ki,
Tbilisi Şəhər Məhkəməsinin hakimi Nana Şamatava prokurorluğun vəsatətini təmin edərək, hazırda gizlənən "Fayfura" barəsində qiyabi həbs qətimkan tədbiri seçib. Farqosadze ilə birlikdə eyni cinayət işi üzrə ittiham olunan daha 12 nəfər barəsində də 2 aylıq ilkin həbs qərarı çıxarılıb.
Məlumata görə, Zaza Farqosadzeyə qarşı 7 ay ərzində gizli istintaq hərəkətləri və müşahidələr aparılıb. Lakin polis əməliyyat üçün onun ünvanına gəldikdə, o, qaçmağa müvəffəq olub.
Daxili İşlər Nazirliyinin (DİN) aprelin 7-də yaydığı məlumata əsasən, "Fayfura" "qanuni oğru" Mamuka Şubutidzenin ("Turikela") qruplaşmasının əsas dayaqlarından biridir. İstintaqın versiyasına görə:
· "Turikela" kriminal prosesləri özünün "nəzarətçiləri" (maquyrebeli) olan "Fayfura" və "Qrişiç" vasitəsilə idarə edib;
· Bir gecə ərzində keçirilən əməliyyatla "oğru dünyası"na üzvlükdə ittiham olunan 44 nəfər saxlanılıb;
· Ümumilikdə 6 nəfər, o cümlədən qruplaşma rəhbəri "Turikela" barəsində axtarış elan edilib.
Gizli səs yazıları ilə sübuta yetirilib ki, "Fayfura" və "Qrişiç" müxtəlif mübahisələrin həllində aktiv iştirak edib və tərəflərə qanunsuz olaraq pul ödənişləri təyin ediblər. Hazırda Farqosadze-Qoqoladzenin yerinin müəyyən edilərək saxlanılması üçün beynəlxalq səviyyədə tədbirlər görülür.