Marneuli merinin qardaşı barəsində həbs qətimkan tədbiri seçilib

Apr 9, 2026 - 14:10
 0  20

Bolnisidə iş adamına qarşı qrup şəklində zorakılıqda ittiham olunan Marneuli bələdiyyə merinin qardaşı Kənan İsmayılov barəsində məhkəmə qərarı açıqlanıb.

Xeber.ge xəbər verir ki, hakim Qvantsa Çikovani prokurorluğun vəsatətini təmin edərək K. İsmayılov barəsində həbs qətimkan tədbiri seçib. Təqsirləndirilən şəxsin ailəsi onun 100 000 lari məbləğində girov müqabilində azadlığa buraxılmasını təklif etsə də, məhkəmə bu vəsatəti rədd edib.

  Məhkəmə iclasında Marneuli meri Daşqın İsmayılov iştirak etməyib. Təqsirləndirilən Kənan İsmayılovun özü isə proses zamanı susmaq hüququndan istifadə edərək baş verənlərə münasibət bildirməyib.

  İstintaq materiallarına əsasən, hadisə 2026-cı il aprelin 6-da Marneuli bələdiyyəsində biznes fəaliyyəti ilə bağlı yaranmış mübahisə zəminində baş verib. İddialara görə, K. İsmayılov və onunla birlikdə olan bir neçə şəxs çörək sexi sahibini döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Hücum zamanı dəyənəklərdən istifadə edildiyi bildirilir.

"Temis" platformasının rəhbəri Samira Bayramovanın yaydığı məlumata görə, münaqişəyə səbəb merin ailəsinin iş adamından çörəyin qiymətini artırmağı tələb etməsi olub. Sahibkar bu tələblə razılaşmadığı üçün "qanlı hesablaşma"nın qurbanı olub. Bildirilir ki, zərərçəkən elə ağır vəziyyətdə olub ki, ilkin mərhələdə polisə ifadə verə bilməyib.

  Kənan İsmayılova qarşı Gürcüstan Cinayət Məcəlləsinin 120-ci maddəsinin ikinci hissəsi (Qrup şəklində sağlamlığa qəsdən yüngül xəsarət yetirmə) ilə ittiham irəli sürülüb. Bu maddə 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Daxili İşlər Nazirliyi cinayətdə iştirak etmiş digər şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində istintaq tədbirlərini davam etdirir.