Nyu-Yorkda neo-nasist qruplaşmanın gürcü rəhbərinə 15 il həbs cəzası verilib
Nyu-York məhkəməsi beynəlxalq neo-nasist qruplaşmasının gürcüstanlı rəhbəri barəsində hökm çıxarıb.
Xeber.ge xeber verir ki, cinayətkar aləmdə "Komandir Qəssab" ləqəbi ilə tanınan 22 yaşlı Mixeil Çxikvişvili 15 il müddətinə azadlıqdan məhrum edilib.
İstintaq materiallarına görə, Çxikvişvili 2023-cü ildə Nyu-Yorkda Yeni il gecəsi kütləvi terror aktı törətmək üçün plan hazırlamağa başlayıb.
Onun planına əsasən, Şaxta baba (Santa Klaus) geyimində olan şəxslər yəhudi məktəblərinin şagirdlərinə və irqi azlıqların nümayəndəsi olan uşaqlara zəhərlənmiş konfetlər paylamalı idilər.
Gürcüstan vətəndaşının əsas məqsədi qurbanların sayının 2011-ci ildə Norveçdə Anders Breivik tərəfindən törədilən terror aktındakı itkilərdən daha çox olmasını təmin etmək olub.
ABŞ xüsusi xidmət orqanları tərəfindən "manyak qətl kultu"nun lideri kimi xarakterizə edilən Mixeil Çxikvişvili 2024-cü ilin iyul ayında ABŞ-da həbs olunub.
Bir il əvvəl irəli sürülən ittihamlar üzrə təqsirini etiraf edən Çxikvişvili cəzasını Amerika həbsxanasında çəkəcək.