Duşetidə təcavüz və ölüm hədəsi törədən şəxs saxlanılıb
Gürcüstanın Msxeta-Mtianeti bölgəsində zorakılıq və cinsi təcavüzlə bağlı ağır cinayət hadisəsi baş verib.
Xeber.ge xəbər verir ki,
DİN-in Duşeti rayon polis idarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində 1972-ci il təvəllüdlü Z.T. saxlanılıb. İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Duşeti bələdiyyəsinin kəndlərindən birində yaşayan 1974-ci il təvəllüdlü P.D.-ni öldürməklə hədələyib, ona qarşı fiziki zorakılıq tətbiq edib.
Bundan əlavə, Z.T.-nin zor tətbiq etməklə və hədə-qorxu yolu ilə zərərçəkmişlə cinsi əlaqədə olduğu (təcavüz etdiyi) sübuta yetirilib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin aşağıdakı maddələri ilə cinayət işi başladılıb:
- 126-cı maddə: Zorakılıq;
- 137-ci maddə: Zorlama (Təcavüz);
- 151-ci maddə: Ölüm hədəsi.
Hazırda istintaq hərəkətləri davam etdirilir. Təqsiri sübuta yetiriləcəyi təqdirdə, saxlanılan şəxsi 8 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.