Düşen əzələ distrofiyasının müalicəsi üçün daha bir preparatı – vamorolonu alacaq
İrakli Kobaxidzenin sözlərinə görə, dövlət Düşen əzələ distrofiyasının müalicəsi üçün növbəti dərmanı – vamorolon preparatını alacaq.
XEBER.GE xeber verir ki, hökumət iclasında çıxış edən baş nazir bildirib ki, preparatın alınması ilə bağlı danışıqlar müsbət nəticələnib. Texniki prosedurlar başa çatdıqdan və müqavilə imzalandıqdan sonra dövlət bu dərmanı əldə edəcək. Preparat xəstələr üçün tamamilə pulsuz olacaq.
Kobaxidze əlavə edib ki, Düşen xəstəliyinin müalicəsi üçün nəzərdə tutulan digər dərman – givinostat artıq Gürcüstandadır və xəstələrə paylanılmasına yaxın günlərdə başlanılacaq.
Xatırladaq ki, Düşen xəstəliyindən əziyyət çəkən uşaqların valideynləri hökumət başçısı ilə ilk dəfə 2026-cı il iyunun 3-də görüşmüşdülər. İyunun 4-də baş tutan ikinci görüşdən sonra Kobaxidze uşaqların zəruri dərmanlarla təmin edilməsi istiqamətində işləyəcək xüsusi işçi qrupunun yaradılacağını elan etmişdi.