Dünyanın ən bahalı bunkerləri
Bu yaxınlara qədər bunker sözü sərt beton sığınacaqlar, soyuq və narahatlıq, müharibə kimi anlayşlarla əlaqələndirilirdi. Lakin bu gün vəziyyət dəyişib.
Xeber.ge xəbər verir ki, dünyanın ən varlı insanları sığınacaqları hər detalın diqqətlə nəzərdən keçirildiyi lüks yeraltı yaşayış yerlərinə çevirirlər.
Qlobal qeyri-sabitlik, iqlim təhdidləri və texnoloji risklər fonunda lüks bunkerlərə tələbat sürətlə artır. Onlardan bəzilərini sizə təqdim edirik:
"Aerie" - elmi fantastika elementləri olan 300 milyon dollarlıq bunker. Son illərdə ən iddialı və müzakirə olunan layihələrdən biri ABŞ-nin "SAFE" şirkəti tərəfindən inşa edilən yeraltı kompleksdir. O ənənəvi sığınacaqdan daha çox gələcəyin qapalı kurortuna bənzəyir. Kompleks nüvə və bioloji təhdidlərdən tutmuş genişmiqyaslı texnoloji fəlakətlərə qədər ən ekstremal ssenarilərə tab gətirmək üçün hazırlanıb. "Aerie"də lüks yaşayış mənzilləri, üzgüçülük hovuzları, restoranlar, istirahət və sağlamlıq zonaları, eləcə də süni intellektlə təchiz olunmuş tibb ofisləri olacaq. Həyat təminatı sistemləri, hava və suyun təmizlənməsi, normal həyat ritmini qoruyaraq, uzun müddət yerin altında təcrid olunmağa imkan verir. Bunkerdə bir "mənzil"in qiyməti 20 milyon dollardır.
"Survival Condo" ABŞ-nin Kanzas ştatında yerləşir. Soyuq müharibə dövrünün raket anbarının yerində inşa edilmiş premium yeraltı yaşayış kompleksində müştərilərə hər biri milyonlarla dollar dəyərində olan şəxsi mənzil təklif olunur. Kompleksdə idman zalı, üzgüçülük hovuzu, kinoteatr, oyun meydançaları, kitabxana və hətta mağaza da var. Bütün həyat təminatı sistemləri avtonomdur və aylarla, hətta illərlə xarici dünyadan təcrid olunmağa davam gətirmək üçün hazırlanıb.
"Oppidum" özəl qolf meydançası olan nəhəng yeraltı şəhərdir. Unikal layihə Çex Respublikasında yerləşir. O tez-tez dünyanın ən böyük özəl bunkeri adlanır. Kompleks soyuq müharibə dövründə strateji hərbi obyekt kimi inşa edilib, lakin sonradan tamamilə yenidən qurulub. Burada geniş yaşayış sahələri, istirahət otaqları, konfrans otaqları, tibb məntəqələri və yardımçı otaqlar yerləşir.
mənbə: oxu.az