Doğum Evində komaya düşən 35 yaşlı qadın öldü
Tbilisinin 1 saylı Doğum Klinikasında) hazırda qarşıdurma və xaos yaşanır.
Planlı əməliyyat zamanı həyatını itirən gənc qadının ailə üzvləri xəstəxanaya axışaraq həkimlərdən cavab tələb edirlər.
XEBER.GE xəbər verir ki, faciəvi şəkildə dünyasını dəyişən 35 yaşlı Nino Muciriyanın yaxınları onun həkim səhlənkarlığının qurbanı olduğunu iddia edirlər. Ailənin iddiasına görə, əməliyyatı müvafiq lisenziyası olmayan bir həkim həyata keçirib.
Mərhumun doğmalarının bildirdiyinə görə, planlı prosedurdan dərhal sonra xəstənin vəziyyəti qəfildən pisləşib və o, komaya düşüb. Düz 6 ay reanimasiyada qaldıqdan sonra gənc qadın dünyasını dəyişib.
Xəstəxanada vəziyyət o qədr gərginləşib ki, əraziyə çoxlu sayda polis əməkdaşları cəlb olunub. Hadisə yerində olan ailə üzvləri əməliyyatı edən cərrahla görüşməyənədək klinikanı tərk etməyəcəklərini bəyan ediblər.
"Bu qızı öldürdülər! Əgər qızdırması var idisə, niyə əməliyyata saldıqlarını mənə izah etsinlər! Meyit özünü müdafiə edə bilməz. Altı aydır qız reanimasiyada idi, heç bir nəticə ala bilmədik. Əksinə, onu məhv etdilər.
Əməliyyata girən həkim isə hələ də 'mən etməmişəm' deyib boynundan atır. Cavabı kimdən tələb edək? Klinikanın direktorunun kabinetində oturmuşam, amma o da həmin həkimi gizlətmək üçün burdan qaçıb getdi".
Hazırda klinikanın qarşısında polisin nəzarəti altında etirazlar davam edir, hadisənin təfərrüatları araşdırılır.