Didubedə silahlı atışma: Ölənlər və ağır yaralılar var-VİDEO

Jun 15, 2026 - 16:23
 0  39

Tbilisinin mərkəzində baş verən qətl və silahlı yaralanma hadisəsi ilə bağlı yeni detallar üzə çıxıb. "Tv Pirveli" müəyyənləşdirib ki, Didube rayonunda, Kurdiani küçəsində güllələnən şəxslərdən biri 24 yaşlı Giorgi Velicanaşvilidir. O, hazırda "Globalmed" klinikasındadır.

Klinikadan verilən məlumata görə, pasiyentin bədənində odlu silahdan vurulmuş iki yara  aşkarlanıb.

Gənc artıq bir dəfə əməliyyat olunub, bu gün isə onun ayağında növbəti cərrahiyyə əməliyyatının keçirilməsi planlaşdırılır.

XEBER.GE xəbər verir ki, "Dünən axşam saat 20:35-də klinikaya döş qəfəsi və qamış sümüyü nahiyəsindən güllə yarası almış gənc oğlan gətirilib. Ona bütün təcili və lazımi tibbi-diaqnostik prosedurlar tətbiq edilib, ardınca əməliyyata alınıb.

Hazırda əməliyyatdan sonrakı dövrdə vəziyyəti stabil qiymətləndirilir, ümumi cərrahiyyə şöbəsində müalicəsi davam edir. Dünən qaraciyərin üç seqmentinin zədələnməsi səbəbindən hepatorafiya əməliyyatı icra olunub. Bu gün isə travmatoloji əməliyyat planlaşdırılır", – deyə "Globalmed" klinikasının baş direktoru Sofio Babutsidze bildirib.

Məlum olub ki, Velicanaşvili ilə yanaşı Kurdiani küçəsində daha bir nəfər də güllələnib. Həmin şəxs "Helsikor" klinikasına yerləşdirilib və vəziyyəti ağır olaraq qalır.

"Pirvelebi"nin yaydığı məlumata görə, öldürülən Nika Karelaşvilinin evinə gələn və orada güllələnən şəxslərdən biri məkana şəxsi mühafizəçilərinin müşayiəti ilə daxil olub.

Bu qanlı hesablaşma iyunun 14-də Didubedə baş verib. Telekanalın məlumatına görə, 35 yaşlı Nika Karelaşvili öz yaşadığı mənzildə güllələnib. Qonşular bir neçə atəş səsi eşitdiklərini bildiriblər. Atışmadan sonra gənc oğlanın binanın 7-ci mərtəbəsinin pəncərəsindən yıxıldığı məlumdur.

Daxili İşlər Nazirliyi faktla bağlı Cinayət Məcəlləsinin iki maddəsi ilə istintaq başladıb:

236-cı maddə – Odlu silahın qanunsuz əldə edilməsi, saxlanılması və gəzdirilməsi;

19-109-cu maddə – Ağırlaşdırıcı hallarda iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd.

Hadisənin başvermə səbəblərinə dair irəli sürülən əsas versiyalardan birinə görə, tərəflər Nika Karelaşvilinin evinə kriminal aləmdə "oğru razılaşması" kimi tanınan hesabat aparmaq üçün toplaşlıblarmış.