Bolnisidə ağır yol qəzasında həyatını itirən yeniyetmələrdən birinin atası: "Oğlum sağ qala bilərdi"- VİDEO

Dec 31, 2024 - 19:53
 0  486

Bolnisdə, Naxiduri kəndi yaxınlığında baş verən yol-nəqliyyat hadisəsində dünyasını dəyişmiş məktəbli şagirdin atası həkimləri və polisi laqeydlikdə ittiham edir.

, Mərhumun atası iddia edir ki, tibbi personal onun oğluna vaxtında yardım göstərməyib və onu klinikaya aparmayıb.

14 yaşlı Elçin Bitanovun atasının sözlərinə görə, həkimlər düzgün reaksiya versəydi, ola bilərdi ki, onun oğlu sağ qalardı.

"İndi çox emosional vəziyyətdəyəm. Əvvəlcə oğlumu dəfn etməliyəm, sonra hər şeylə məşğul olacağam. Dünən polis gəldikdə, oğlum huşsuz halda yerdə uzanmışdı, amma heç kim ona diqqət yetirmirdi. Polis də, təcili yardım da qatilin tərəfində idi və onu qoruyurdu. Oğluma vaxtında təcili yardım göstərilsəydi, bəlkə də, onu xilas etmək mümkün olardı. Qatil sərxoş idi. Hadisənin baş verdiyi yer məktəbin yaxınlığında dönmə yeri idi və o, sürəti azaltmalı idi. Amma yüksək sürətlə hərəkət edərək oğlumu öldürdü. Bütün kənd mənim yanımdadır", - deyə mərhumun atası bildirib.

Xatırladaq ki, ötən gecə Naxiduri kəndində baş verən yol-nəqliyyat hadisəsində iki yeniyetmə həyatını itirib. Hadisə qarşıdurmaya səbəb olub, nəticədə 10 nəfər müxtəlif xəsarətlərlə klinikaya yerləşdirilib.

Yerli sakinlər sürücünün onlara təhvil verilməsini və cəzalandırılmasını tələb ediblər. Vəziyyət o qədər gərginləşib ki, əraziyə xüsusi polis qüvvələrinin cəlb olunması zərurəti yaranıb. Avtomobili idarə edən 21 yaşlı sürücü saxlanılıb. 

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, istintaq Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə başlanılıb.

mənbə: interpress