Bizim də almanlar üçün vizasız rejimimiz var, nə olsun?!

Apr 18, 2025 - 15:39
 0  52
Bizim də almanlar üçün vizasız rejimimiz var, nə olsun?!

"Vizasız rejimin dayandırılması ilə bağlı heç bir neqativ qərar gözləmirəm. Vizadan azad gediş-gəliş “ilahi Manana”dır bəyəm? Bizim də almanlar üçün vizasız rejimimiz var, nə olsun?!" – bunu "Gürcü Arzusu"nun parlament sədri Şalva Papuaşvili deyib.

Onun sözlərinə görə, bu gün Avropa İttifaqının iqtisadi artımı 1%-dir, Gürcüstanda isə 10%.

"Əgər vizanı ləğv etsələr, turistlərə girişə icazə verməsələr – yəni 

ölkədə pul xərcləyən insanlara – o pullar da olmayacaq", – deyə Papuaşvili bildirib.

"Vizasız rejimin dayandırılması ilə bağlı heç bir mənfi qərar gözləmirəm. Amma bu, çox düzgün vurğudur – başa düşmək üçün ki, Avropa bürokratiyası hansı istiqamətə baxır. Bu, 61 ölkəyə aiddir və siyasi təzyiq və şantaj alətidir. Görünür, Brüsselin bəzi bürokratları digər ölkələrə təsir imkanlarına sahib olmaq istəyir. Onlar bizə “Avropa dəyərlərindən” danışırlar, dəyər sözünü çox sevirlər, amma insanlara qarşı bu cür soyuqqanlı, praqmatik təzyiqlə digər ölkələrin siyasətinə təsir etmək istəyirlər. Bu vəziyyətə çox rasional baxmaq lazımdır.

Gürcüstanla bağlı isə, belə bir əsas yoxdur. Bu gün Almaniyanın səfirinin müsahibəsinə qulaq asdım, o dedi ki, viza bir imtiyazdır, buna qiymət verməliyik. Açığı, Almaniya səfirində bir qədər təkəbbür var – bu, təəssüf doğurur. Vizadan azad gediş-gəliş “ilahi Manana”dır bəyəm?! Bizim də almanlar üçün vizasız rejimimiz var – nə olsun?! Hamıdan üzr istəyirəm, amma bu vizasız rejim Gürcüstan vətəndaşının Almaniyaya, Fransaya getməsi, orada pul xərcləməsi və həmin ölkələrin iqtisadiyyatına töhfə verməsi deməkdir.

Bu gün Avropa İttifaqının iqtisadi artımı 1%-dir, Gürcüstanın isə 10%. Bu ona görədir ki, biz iqtisadi baxımdan düzgün düşünürük. Əgər vizanı bağlayıb turistləri buraxmasalar – yəni orada pul xərcləyənləri – bu pulları da itirəcəklər. Gürcü xalqı bu haqda düşünməlidir. İnsanların emosiyaları ilə oynaması cəhdi var – guya sonra viza almaq məcburiyyətində qalacaqsan və Berlini, ya da Frankfurtu görə bilməyəcəksən. Bu, 21-ci əsrin siyasətinə yaraşırmı?! Bu, yüz il əvvəlki metodlardır – başqalarına təsir göstərmək üçün istifadə olunan üsullar," – deyə Şalva Papuaşvili qeyd edib.

Xatırladaq ki, 15 aprel tarixində "Azad Avropa Radiosu"nun Avropa bürosunun redaktoru Rikard Yozvyak dərc etdiyi məqalədə vizasız rejimin dayandırılması üçün 4 səbəb göstərmişdi. Onlardan biri Aİ-nin üçüncü ölkələrlə olan siyasi münasibətlərinə aiddir.

"Qanun layihəsində qeyd olunur ki, vizasız rejimin dayandırılması mexanizmi insan hüquqlarının ciddi pozuntuları, yaxud beynəlxalq hüquq və standartların, o cümlədən insan hüquqları qanununun ciddi pozulması və beynəlxalq məhkəmə qərarlarının yerinə yetirilməməsi hallarında tətbiq oluna bilər," – deyə Rikard Yozvyak yazır.