BGMİ-nin Şeyxi Hacı Faiq Nəbiyevin Müqəddəs Qurban Bayramı Münasibətilə Təbriki

May 27, 2026 - 16:52
 0  30
BGMİ-nin Şeyxi Hacı Faiq Nəbiyevin Müqəddəs Qurban Bayramı Münasibətilə Təbriki

“Bismillahir-rəhmanir-rəhim!

Əziz müsəlman bacı və qardaşlar, hörmətli həmvətənlərimiz!

Hər birinizi İlahi mərhəmətin və bərəkətin coşduğu müqəddəs Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, kəsdiyiniz qurbanların, etdiyiniz dua və ibadətlərin Uca Allah dərgahında ali dərəcədə qəbul olunmasını diləyirəm.

İslam dünyasının ən əziz bayramlarından olan Qurban bayramı — İlahi eşqin nəfsani istəklərə qalib gəldiyi fədakarlıq, şəfqət, mərhəmət, yardımlaşma, birlik və səmimilik rəmzidir. Bu mübarək gün bizlərə üç səmavi dinin babası hesab olunan Hz. İbrahimdən (ə) və onun sadiq oğlu Hz. İsmayıldan (ə) qalan müqəddəs bir mirasdır.

Uca Rəbbimiz Qurani-Kərimdə buyurur:

“Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadət və itaətdir)…” (Həcc, 37)

Bu ayənin işığında hər birimiz dərk etməliyik ki, İsmayıl qurbanlığı niyyəti ilə Allaha yaxınlaşan bəndə ilk öncə öz nəfsini, rəzil xüsusiyyətlərini qurban verməyi bacarmalıdır. Biz təkcə bu bayram günündə deyil, ömrümüzün hər anında Allaha itaət etməli, bu mübarək günün fəzilətindən güc alaraq Rəbbimizə bir daha söz verməliyik: Çalışacağıq ki, təqvalı olaq, günahlardan və pis əməllərdən uzaq duraq.

Bayram namazları üçün məscidlərə gedək, getmək istəyənlərə də vasitə olaq. Çünki bu cür müqəddəs Bayramda qılınan namaz, məsciddə cəm halda qılınmasının daha böyük savabları vardır.

Əziz möminlər, bu mübarək günlərdə özümlə birlikdə sizləri bu gözəl mənəvi tövsiyələrə əməl etməyə çağırıram:

Küsülülər barışsın: Bayramın ruhu inciklikləri sevgi ilə əvəz etməkdir. Gəlin qəlblərdəki incikliyi silək, küsülüləri barışdıraq.

Valideynlərin qəlbi şad edilsin: Valideynlərindən ayrı yaşayanlar mütləq onları yad etsin. İstər birgə, istərsə də ayrı yaşayan hər bir övlad bu gün ana-atasının qəlbini sevinclə doldursun. Unutmayaq ki, həyatımızdakı bütün mənəvi düyünlər məhz valideynlərin xeyir-duası və razılığı ilə açılır.

Övladlarımızı sevindirək:

Uşaqlarımıza bayram sevincini yaşadaq ki, bu müqəddəs günlər onların yaddaşında xüsusi, unudulmaz bir xatirə kimi qalsın.

Yardımlaşmanın gözəlliyini yaşayaq: Ehtiyacı olan qardaş və bacılarımıza qurban payı ayıraq. Maddi imkanı bura çatmayanlar isə xoş sözlə, təbəssümlə və ya kiçik bir hədiyyə ilə bir-birinin könlünü alsın.

Qohumluq bağlarını (Sileyi-rəhim) ucaldaq: Qohum-əqrəbanı axtaraq, zəng edək, ziyarət edək, bu bayram əhval-ruhiyyəsini evimizdə, kəndimizdə və şəhərimizdə hər kəsə hiss etdirək.

Dünyasını dəyişənlərimizi unutmayaq: Keçmişlərimizin ruhunu şad edək. Yaxında olanlar qəbiristanlığı ziyarət etsin, uzaqda olanlar isə evlərindən Quran ayələri oxuyub savabını onlara hədiyyə etsin, onlar adına xeyir işlər görsün.

Biz fəxr edirik ki, əsrlərdir bu torpaqlarda müxtəlif xalqlar və dinlərin nümayəndələri mehriban şəraitdə yaşayırlar. Bu bayram günündə millətindən və dinindən asılı olmayaraq qonşularımızı da unutmayaq. Onlara xoş sözlərimizlə, bayram şirniyyatları və kiçik hədiyyələrimizlə yaxınlaşaq, Qurban bayramının gözəl mahiyyətini onlara çatdıraq. Əməlimizlə göstərək ki, ölkəmizdə vəhdət, dözümlülük və birlik bizim üçün nə qədər önəmli və müqəddəsdir.

Allah-Təaladan gözəl ölkəmizə və bütün dünyaya sülh, əmin-amanlıq, ruzi-bərəkət, dostluq və xoşbəxtlik arzulayıram.

Qurban bayramınız mübarək olsun! Dünya və axirət səadəti sizinlə olsun!

Vəs-salamu əleykum və rəhmətullahi və bərəkatuh!

Hörmətlə,

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi

Hacı Faiq Nəbiyev