Batumda 21 yaşlı trans qadının cəsədi tapıldı-VİDEO
Batumda sirli ölüm hadisəsi — iki həftəlik axtarışdan sonra 21 yaşlı Rusiya vətəndaşının cəsədi yaşadığı evdə tapılıb. Mərhum 2022-ci ildən Gürcüstanda yaşayan trans qadındır.
XEBER.GE xeber verir ki, Batumi mərkəzində yerləşən evə polisi qonşular çağırıblar — onların şübhəsinə bağlı mənzildən gələn kəskin, spesifik qoxu səbəb olub. Daxili İşlər Nazirliyinin ilkin versiyasına görə, gənc qadın intihar edib, lakin ailəsi bu versiya ilə razılaşmır.
Mərhumun qardaşı "TV Pirveli"yə bildirib ki, mənzildə zorakılıq izləri olub və ailə 21 yaşlı qadının qətlə yetirildiyindən şübhələnir:
"Ayın 16-da zəng edib dedilər ki, onu mənzildə ölü tapıblar. Mənzil mənimdir. Əraziyə çatana qədər bunun intihar ola biləcəyini deyirdilər, lakin mənzilə daxil olanda tamamilə alt-üst edilmiş və darmadağın olunmuş bir mühitlə qarşılaşdım. Bundan əlavə, orada mənzildə yalnız bir nəfərin olması versiyasını məntiqi baxımdan təkzib edən aydın sübutlar var.
Bu o deməkdir ki, böyük ehtimalla orada ikinci bir şəxs də olub və o, qardaşımı/bacımı qətlə yetirib. İndi vəkillə birgə gəlmişik ki, birinci mərhələdə toplanmayan sübutları göstərək. Həmin vaxt da diqqət çəkmişdik, amma qeydə almamışdılar. İndi tələb edirik ki, hər şey rəsmi şəkildə qeydə alınsın və bu sübutlar əsasında iş qəsdən adamöldürmə maddəsinə tövsif edilsin".