Gürcüstanda üç sabiq polis əməkdaşı saxlanılıb
Gürcüstan Baş Prokurorluğu vəzifə səlahiyyətlərini aşma faktı ilə bağlı Daxili İşlər Nazirliyinin üç sabiq əməkdaşının saxlanılması barədə məlumat yayıb.
Xeber.ge xeber verir ki, aparılan istintaqla müəyyən edilib ki, 2022-ci ilin iyul ayında DİN-in üç əməkdaşı xidməti vəzifələrinin icrası ilə əlaqədar Acarıstan bölgəsinə ezam olunublar. Konkret cinayət işi üzrə araşdırma apardıqları zaman həmin şəxslər üç vətəndaşı Kobuleti Rayon İdarəsinin inzibati binasına gətirib, orada onlara qarşı fiziki və şifahi təhqirlər yol veriblər.
Hər üç şübhəli şəxs 2026-cı il fevralın 23-də məhkəmənin qərarı əsasında saxlanılıb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi davam etdirilir. Törədilən əmələ görə sabiq polis əməkdaşlarını 5 ildən 8 ilə qədər müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.