Azərbaycanın milli adət-ənənələri və mətbəxi "Tbilisoba" festivalında təqdim olunub

Oct 3, 2026 - 16:06
 0  22
Azərbaycanın milli adət-ənənələri və mətbəxi "Tbilisoba" festivalında təqdim olunub

Tbilisidə keçirilən "Tbilisoba" şəhər bayramı tədbirlərində Azərbaycan xalqının milli mədəniyyəti, adət-ənənələri və mətbəx nümunələri təqdim olunur.

  Oktyabrın 3-4-də keçirilən bayram tədbirləri çərçivəsində ölkədə yaşayan müxtəlif xalqların nümayəndələri də iştirak edir.

Onlar öz milli mədəniyyətlərini, adət-ənənələrini və mətbəx nümunələrini təqdim edirlər.

Tədbirdə M.F. Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi də iştirak edir. Muzey tərəfindən Azərbaycan xalqının milli mədəniyyəti, adət-ənənələri və mətbəx nümunələri təqdim olunur.

Bayram məkanlarında müxtəlif mədəni, əyləncəli və maarifləndirici proqramlar, konsertlər, idman və uşaq tədbirləri keçirilir. Ərazilərdə bayram dekorasiyaları, instalyasiyalar, foto və istirahət zonaları, həmçinin açıq hava kinoteatrları yaradılıb.

Hər iki günün proqramı musiqi axşamları və teatr tamaşaları ilə davam edir.

Azərbaycanı "Ceyran" rəqs ansamblı təmsil edir. Ansamblın bədii rəhbəri Ceyran Qurbanova kollektiv "Tbilisoba" çərçivəsində milli azlıqların proqramında Azərbaycanın "Uzundərə" və "Sarı gəlin" rəqslərini təqdim edir.

Onun sözlərinə görə, bu rəqslərin nümayişində əsas məqsəd Azərbaycanın zəngin və rəngarəng milli mədəniyyətini təqdim etməkdir.

C.Qurbanova qeyd edib ki, "Sarı gəlin" və "Uzundərə" rəqslərinin "Tbilisoba"da təqdim olunması ilə həm yerli sakinlərə və turistlərə, həm də Gürcüstanda yaşayan digər xalqların nümayəndələrinə Azərbaycan mədəniyyətinin zənginliyini göstərmək istəyirlər.

Qeyd edək ki, "Tbilisoba" Tbilisidə hər il keçirilən şəhər bayramıdır və müxtəlif xalqların nümayəndələrinin iştirakı ilə paytaxtın çoxmillətli mədəniyyətini də nümayiş etdirir.

 

mənbə: report