Azərbaycandan Gürcüstana səfər edənlərin sayı artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Gürcüstana 249 002 nəfər səfər edib.
Bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilib.
Ötən ilin eyni dövrünə nisbətdə ziyarətçilərin sayı 28 834 nəfər və yaxud 13,1% artıb.
İlk doqquz ayda Azərbaycan Gürcüstana səfər edən xarici ölkə vətəndaşlarının sayı baxımından beşinci olub. Azərbaycanla yanaşı ilk beşlikdə Rusiya (1 306 623 nəfər), Türkiyə (923 476 nəfər), Ermənistan (676 201 nəfər) və İsrail (292 420 nəfər) yer alıb.
Hesabat dövründə Gürcüstan ümumilikdə 6 112 078 nəfər beynəlxalq ziyarətçi qəbul edib ki, bu da ötən ilin analoji göstəricisini 0,04% üstələyir. Turist səfərlərinin sayı isə illik müqayisədə 2,3% artaraq 4 404 872 təşkil edib.
mənbə: apa.az