Almaniyanın aparıcı siyasi fondu Tbilisi ofisini bağlayıb
Almaniyanın Konrad Adenauer adına aparıcı siyasi fondu Tbilisidəki ofisini bağlamaq barədə qərar qəbul edib.
Bu barədə təşkilatın yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, nümayəndəliyin bağlanması Gürcüstan hökuməti tərəfindən müəyyən edilmiş siyasi və hüquqi mühitin birbaşa nəticəsidir.
“Bu mühit Konrad Adenauer Fondunun öz əsas missiyasını yerinə yetirməsini qeyri-mümkün edir. İyulun 28-də Gürcüstan hökuməti fondun “Qrantlar haqqında” yeni Qanuna uyğun olaraq təqdim etdiyi layihələrin maliyyələşdirilməsi ilə bağlı müraciətlərini rədd edib”, - bəyanatda deyilir.
Fond bildirib ki, Tbilisi ofisinin fəaliyyətinin yeni çərçivədə davam etdirilməsini təmin etmək məqsədilə göstərilən fəal səylər, o cümlədən Almaniya hökumətinin səyləri də nəticəsiz qalıb.
Qeyd edək ki, Konrad Adenauer Fondu Almaniyanın konservativ Xristian- Demokratik İttifaqı partiyası ilə sıx bağlıdır. Təşkilatın Tbilisi ofisi 2003-cü ildən fəaliyyət göstərirdi.