Aİ Gürcüstanın diplomatik və rəsmi pasport sahibləri üçün vizasız rejimi dayandırıb

Mar 6, 2026 - 21:26
 0  44
Aİ Gürcüstanın diplomatik və rəsmi pasport sahibləri üçün vizasız rejimi dayandırıb

Avropa İttifaqı (Aİ) bu gündən etibarən bütün Gürcüstan vətəndaşlarına sərt sərhəd nəzarəti tətbiq edəcək.

Bu barədə Avropa Komissiyasından (AK) bildirilib.

Məlumata görə, AK bu gün Gürcüstanın diplomatik, xidməti və rəsmi pasport sahibləri üçün vizasız səfər rejimini müvəqqəti olaraq dayandırıb.

Artıq bu şəxslər Şengen zonasına rəsmi məqsədlərlə daxil olmaq üçün viza almalıdırlar.

Qurum Gürcüstan vətəndaşlarının xüsusi pasportlar əvəzinə adi vətəndaş statusu ilə Aİ-yə daxil olmağa cəhdlərinin qarşısını almaq üçün 27 Avropa ölkəsində gücləndirilmiş yoxlamanın həyata keçirilməsini tövsiyə edib.

Bildirilib ki, vizasız rejimin dayandırılması mexanizmi Gürcüstanın açıq və davamlı şəkildə vizasız rejim çərçivəsində götürdüyü öhdəlikləri, xüsusən demokratiya və əsas hüquqlar sahəsində pozmasına cavab olaraq aktivləşdirilib.

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, bu gün Aİ Gürcüstan hakimiyyəti ilə əlaqəli şəxslərin, o cümlədən Gürcüstan diplomatlarının Avropa İttifaqında sərbəst hərəkət etməsini qadağan edir.

Qeyd edək ki, AK-nın bugünkü qərarı bir il ərzində, 6 mart 2027-ci il tarixinədək qüvvədə olacaq. Komissiyadan bildirilib ki, Gürcüstan hakimiyyəti idarəetmə və qanunun aliliyi ilə bağlı məsələləri həll etməsə, qərarın qüvvədə olma müddəti 24 aya qədər uzadıla və məhdudiyyət bütün Gürcüstan vətəndaşlarına şamil edilə bilər.

mənbə: apa