Xaşuridə elektronika mağazasını soyan gənclər yaxalanıb-VİDEO
Şida Kartli Polis Departamentinin Xaşuri rayon idarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq törətməkdə ittiham olunan iki nəfər saxlanılıb.
Xeber.ge xəbər verir ki, saxlanılanlar 2002-ci il təvəllüdlü M.P. və əvvəllər məhkum olunmuş, həmçinin 2002-ci il təvəllüdlü M.A.-dır.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər gecə saatlarında Xaşuri şəhərində yerləşən "Elit Electronics" mağazasına qanunsuz yolla daxil olublar. Onlar mağazadan 10 ədəd noutbuku ələ keçirərək hadisə yerindən qaçıblar.
Hüquq-mühafizə orqanlarının keçirdiyi kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxslərin kimliyi qısa müddətdə müəyyən edilib. Məhkəmənin qərarı ilə onların yaşayış evlərinə və köməkçi tikililərinə baxış keçirilib. Axtarış zamanı oğurlanmış 10 ədəd noutbuk maddi sübut kimi tam şəkildə aşkar edilərək götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin (oğurluq) müvafiq hissələri ilə istintaq aparılır. Törədilən cinayət əməlinə görə saxlanılan şəxsləri 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.