"Xareba" ittihamları rədd etdi: "Onun üzünə sadəcə qan sürtülüb"
Gürcüstan Xüsusi Tapşırıqlar Departamentinin (GDD) keçmiş rəhbəri Zviad Xarazişvili ("Xareba") Kvemo Kartli bölgəsinin sabiq vitse-qubernatoru Giorgi Şincikaşvilinin yaxın adamı Giorgi Ubilavanın döyülməsində iştirakı barədə iddialara münasibət bildirib.
Xeber.ge "TV Pirveli"yə istinadən verdiyi məlumata görə, Xarazişvili hadisənin xüsusi təyinatlılar tərəfindən törədilməsi ehtimalını qəti şəkildə təkzib edib.
Ubilavanın qanlı fotosunun yayılmasına rəğmən, "Xareba" zərərçəkənin ağır xəsarət almadığını iddia edib:
"Onun döyülmüş adamla heç bir oxşarlığı yokdur. Siz ümumiyyətlə döyülmüş adam görmüsünüzmü? Mənim gördüyüm fotoda adamın üzünə sadəcə qan sürtülüb. Bu, xüsusi təyinatlıların işi deyil".
Jurnalistin tərəflər arasında daha əvvəl əldə olunduğu deyilən "atəşkəs"in pozulub-pozulmaması barədə sualına Xarazişvili sərt cavab verib: "Hansı barışıqdan danışırsınız? Mənim heç kimlə nə münaqişəm olub, nə də barışığım. Bu mövzuda mənimlə danışmayın, mənim işim deyil".
Daxili İşlər Nazirliyi faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 126-cı (Qrup şəklində zorakılıq) maddəsi ilə istintaqa başlayıb. Bu, cinayətdə bir neçə nəfərin iştirak etdiyini təsdiqləyir.
Qeyd edək ki, "Xareba"nın qruplaşması ilə Şincikaşvilinin tərəfdarları arasında gərginlik 2025-ci ilin yazında iki xüsusi təyinatlı zabitin vəhşicəsinə döyülməsindən sonra yaranıb. Giorgi Ubilavanın adı həmçinin 2024-cü ildə Tbilisidə keçirilən aksiyalarda iştirakçıların döyülməsində və xüsusi təyinatlı qrup üzvünün yaralanmasında hallanır.
Hazırda Didi Diqomi rayonunda baş vermiş hadisə ilə bağlı axtarış tədbirləri davam edir.