Uşaq kimi inciməsi onun üçün böyük məsuliyyətsizlik hesab olunur

Aug 13, 2025 - 21:52
 0  98
Uşaq kimi inciməsi onun üçün böyük məsuliyyətsizlik hesab olunur

Marneulinin hazırkı meri Kənan Ömərov haradadır? Biz bu sualı 2021-ci il seçkilərindən bəri barmaqla sayılacaq qədər müsahibə və/və ya marneulililər üçün vacib məsələlər barədə şərhlər alan zamandan veririk.



Ömərov hələ də ictimai fiqurdur, amma onun üçün narahatedici suallar verən jurnalistlərə hələ də qapalı qalmaqdadır. Kənan Ömərovun fəaliyyəti yalnız meriyanın "Facebook" səhifəsində görünürdü – işgüzar görüşlər, infrastruktur layihələrinə baxış, konsertlərdə əzbərlənmiş eyni tip təbriklər. Bu, son 4 ildə gördüyümüz idi. Buna görə də Marneulinin merinin əslində necə biri olduğunu, necə düşündüyünü, danışdığını, həqiqətən qərarları müstəqil şəkildə verib-vermədiyini və hansı məqsədləri olduğunu sizə deyə bilmirik. "Facebook" paylaşımları da onun haqqında çox şey demir.

Bələdiyyə seçkilərinə hazırlıq başlanandan hamını Kənan Ömərovun bir daha "Gürcü Arzusu"nun merliyə namizədi olacaqmı? sualı maraqlandırırdı. Biz bu sualın cavabını 23 iyula qədər bilmirdik.

“Marneuli” radiosu ilə söhbətində yerli siyasətçi Əhməd İmamquliyev Marneulidə “Gürcü Arzusu”nun merliyə namizədinin kim olacağına işarə etdi. Bundan sonra Kənan Ömərov da yoxa çıxdı sosial mediadan da silindi.

Kənan artıq nə asfaltlanmış yolların önündə çəkilmiş fotolarda, nə qubernatorun keçirdiyi Qızılhacılıdakı görüşdə, nə “Gürcü Arzusu”nun Tbilisi meri vəzifəsinə namizədinin təqdimat mərasimində, nə də “Didqoroba” bayramında görünür.

Seçki yolu ilə təyin olunan və hələ də fəaliyyət göstərən Marneuli meri haradadır? Bu sualla yenidən Əhməd İmamquliyevə müraciət etdik.

"Əvvəlcə buradan başlamaq lazımdır ki, bu məsuliyyətsizlikdir. Mer postu siyasi vəzifədir, istər komanda tərəfindən seçilmiş olsun, amma hüquqi baxımdan o, bu vəzifəni seçki yolu ilə tutub, yəni xalq onu seçib. Buna görə bu daxili münaqişə və uşaq kimi inciməsi onun tərəfindən böyük məsuliyyətsizlikdir. Kənan Ömərov incidi, çünki biz daha tez bildik ki, kapitanı mayor təyin edəcəklər (“Gürcü Arzusu”nun merliyə namizədi olaraq göstərilən Daur İsmayılovu nəzərdə tutur). Aydındır ki, Kənan da bilirdi ki, artıq onun namizədliyi nəzərdən keçirilmir və buna incidi. Halbuki onun təkcə istəyi yox idi, ikinci müddətə getmək üçün mübarizə aparırdı. Amma komanda ona bu şansı vermədi".

Bəs “Gürcü Arzusu” niyə onun namizədliyini irəli sürmədi?

Mənim fikrimcə, bu daha çox DTX-də gedən kadr dəyişiklikləri ilə bağlıdır. Çünki hamımız yaxşı bilirik ki, Kənan Ömərovu Dövlət Təhlükəsizlik Xidməti (DTX) təyin edib. 2021-ci ildə də o, DTX-nin “əlləri” ilə namizəd göstərilmişdi. DTX-nin rəhbəri dəyişəndə və orada dəyişikliklər başlayanda, qubernatorluqda da dəyişikliklər oldu. Hamımız bilirik ki, Sincikaşvilinin gedişindən sonra quberniya səviyyəsində də vəziyyət dəyişdi. Sincikaşvilinin komandasına bağlı olan və oradan DTX-yə qədər uzanan şəxsləri kənara çəkdilər. Bir də var idi ki, tikinti icazələri ilə bağlı çox böyük korrupsiya mövcud idi. Kənan Ömərovun bununla bağlı məlumatı var idi və mənim bildiyimə görə, o, həmin korrupsiya sxemində iştirak edirdi. “Gürcü Arzusu”nun mərkəzində də bununla bağlı məlumat var idi. Bundan başqa, Kənan Ömərov Amiran Qiorqadze klanı, Parlament üzvləri Zaur Darğallı və Savalan Mirzoyevlə münaqişədə idi. Çünki onlar həmin tikinti korrupsiya sxemindən öz paylarını almaq istəyirdilər. Bu münaqişə hələlik yalnız Kənan Ömərov üçün baha başa gəldi.

“Gürcü Arzusu”nun korrupsiya ilə mübarizə bəhanəsi ilə öz komandasının hazırkı və keçmiş üzvlərini həbs etməsi – belə bir şeyin Marneulidə də olması mümkündürmü?

Mənim fikrimcə, burada, Marneulidə Kənan Ömərovu həbs etməyəcəklər, amma ondan “xərac” alacaqlar. Əminəm ki, belə olacaq. Baxmayaraq ki, Kənan Ömərov açıq DTX agenti kimi tanınır. Söhbət puldan gedir – əgər korrupsiya sxemindən əldə olunan pul Bidzina İvanişviliyə çatmayıbsa, ondan mütləq bu illər ərzində çatışmayan bütün pulu “kisəyə” yığmasını tələb edəcəklər.

Seçkiqabağı mühiti necə qiymətləndirirsiniz?

2024-cü il seçkilərində öz istəyilə gedən insanların sayı mənim hesablamalarıma görə 5%-i keçmirdi. Amma sənədlərdə bizə tam başqa reallığı göstərdilər. Gördük ki, seçkilər necə saxtalaşdırıldı. Bu seçkilərdə isə mən düşünürəm ki, maksimum 1% gedəcək, o da maraqdan və qohumluq əlaqələrinə görə. Bu seçkilər seçki olmayacaq, bu, DTX tərəfindən həyata keçirilən xüsusi əməliyyat olacaq. Burada “Gürcü Arzusu” xal qazanacaq. Ola bilər ki, 2021-ci ildə olduğu kimi, bələdiyyə məclisində müxalifətə 6 yer verdikləri kimi, “Lelo”ya və Qaxaria partiyasına da versinlər ki, xalqa saxta demokratiya görüntüsü yaratsınlar.

mənbə: marneulifm