Tbilisidəki bina uçqunu ilə bağlı “Vahid Milli Hərəkat” Baş Prokurorluğa şikayət ərizəsi təqdim etdi

Jul 15, 2025 - 12:47
 0  23
Tbilisidəki bina uçqunu ilə bağlı “Vahid Milli Hərəkat” Baş Prokurorluğa şikayət ərizəsi təqdim etdi

Tbilisidə, “Sadguris Moedani” yaxınlığında yerləşən yaşayış binasında baş vermiş uçqunla bağlı məsələni “Vahid Milli Hərəkat” nümayəndələri Gürcüstanın Baş Prokurorluğuna şikayət ərizəsi ilə çıxarıblar.

Partiyanın siyasi şurasının üzvü Laşa Farulava Baş Prokurorluq qarşısında jurnalistlərə bildirib ki, təqdim edilən şikayət Tbilisi meri Kaxa Kaladze və şəhər meriyasının yüksək vəzifəli şəxslərinin “cinayət xarakterli fəaliyyətsizliyi” ilə bağlı istintaqın başlanmasını tələb edir.

Farulavanın sözlərinə görə, onların Gürcüstan prokurorluğunun bu məsələ ilə bağlı istintaqa başlayacağına ümidləri yoxdur:

“Əvvəlcə, ‘Sadguris Moedani’ yaxınlığında yerləşən binanın uçması nəticəsində həyatını itirənlərin ailələrinə başsağlığı veririk. Dünən gördüyümüz sadəcə bir faciə deyil, bu qətldir. Bütün bunların əsas səbəbi Tbilisi meriyasının və şəxsən Kaxa Kaladzenin cinayət xarakterli fəaliyyətsizliyidir. Onlar özləri etiraf etdilər ki, bazarın və insanların çox olduğu ərazidə avariyalı bina olduğunu bilirdilər, amma əhalini xəbərdar etmədilər, binanı təhlükəsizlik lentləri ilə bağlamadılar, heç bir tədbir görülmədi. Bu nəticə korrupsiyalı idarəçiliyin məhsuludur. Bu sadəcə səhlənkarlıq deyil, bu sistemli dövlət səviyyəsində biganəlikdir ki, nəticədə insanların həyatına son qoydu.

Biz Kaxa Kaladzeyə və Tbilisi meriyasının yüksək vəzifəli şəxslərinə qarşı cinayət xarakterli fəaliyyətsizliyə görə istintaqın başlanmasını tələb edirik, çünki burada təkcə fəaliyyətsizlik deyil, həm də insanların ölümünə səbəb olan səhlənkarlıq və biganəlik faktı ortadadır,” – deyə Farulava qeyd edib.

Xatırladaq ki, 14 iyul axşamı “Sadguris Moedani” yaxınlığında yerləşən yaşayış binasının dam örtüyünün bir hissəsi uçub. Hadisə nəticəsində 2 nəfər həlak olub, bir nəfər isə xəstəxanaya yerləşdirilib. Hadisədən dərhal sonra binanın sakinlərinin təxliyəsinə başlanılıb və onlar alternativ yaşayış yerlərinə köçürülüblər.

mənbə: interpress