Tbilisidə "oğru obşakı" fırıldaq yolu ilə toplanırmış — İstintaqın şok detalları
Gürcüstan Daxili İşlər Nazirliyi və Baş Prokurorluq ölkə miqyasında mütəşəkkil cinayətkarlığa qarşı kompleks əməliyyat keçirib.
Xeber.ge xəbər verir ki, "oğru dünyası" ilə əlaqədə şübhəli bilinən 44 nəfər saxlanılıb, daha 7 nəfərə isə qiyabi ittiham irəli sürülüb.
Mərkəzi Kriminal Polis Departamentinin direktoru Davit Kiknadzenin brifinqdə verdiyi məlumata görə, istintaqın detalları aşağıdakı kimidir:
İş üzrə xaricdə yaşayan "qanuni oğru"lar — Nodar Şukakidze və Levan Marqiyanın adları keçir.
İttiham olunan şəxslər vətəndaşlar arasındakı maliyyə və kriminal mübahisələri "oğru qaydaları" ilə həll edərək tərəflərə pul ödəməyi tapşırıblar.
Ödəniş vaxtını gecikdirənlər fiziki hesablaşma və ölümlə hədələniblər.
Cinayətkar qrup üzvləri Tbilisi küçələrində təsadüfi vətəndaşları saxlayaraq onları hədə-qorxu yolu ilə mobil bank vasitəsilə kredit götürməyə məcbur ediblər.
Təsdiqlənmiş kredit məbləğləri dərhal qrup üzvlərinin şəxsi hesablarına köçürülüb.
Təqsirləndirilən şəxslər "qanuni oğru"lara maddi mənfəət əldə etmək məqsədilə imkanlı vətəndaşlar barədə mütəmadi məlumat veriblər.
Əməliyyat zamanı şübhəli şəxslərin yaşayış yerlərindən cinayət əlaqələrini sübut edən mobil telefonlar, kompüter texnikası və odlu silahlar götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə (223-cü prima, tersiya, kvarta və 236-cı maddələr) cinayət işi açılıb.
Saxlanılan şəxsləri 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.