Respublika meydanında gərginlik: Sürücülər əmək şəraitinə etiraz edirlər-VİDEO

May 13, 2026 - 14:05
 0  6

Gürcüstanın paytaxtı Tbilisi ilə yanaşı, Batumi, Kutaisi və Zuqdidi şəhərlərində taksi sürücüləri və kuryerlər kütləvi etiraz aksiyasına başlayıblar.

Xeber.ge xəbər verir ki,aksiya iştirakçıları əmək şəraitinin yaxşılaşdırılmasını və xidmət tariflərinə yenidən baxılmasını tələb edirlər.

Paytaxtın Respublika meydanına toplaşan sürücülər avtomobillərlə aksiya keçirmək istəsələr də, polis buna icazə verməyib.

Hüquq-mühafizə orqanlarının nümayəndələri aksiyanın vətəndaşların hərəkətinə mane olduğunu iddia ediblər.

Sürücülər 13 may tarixində keçiriləcək aksiya barədə aidiyyəti qurumlara bir neçə gün öncədən rəsmi qaydada məlumat verdiklərini bildiriblər.

Polis sürücülərə etirazlarını avtomobilsiz ifadə etməyi təklif etsə də, iştirakçılar şəhərdə maşınları saxlamaq üçün kifayət qədər parkinq sahəsinin olmadığını vurğulayıblar.

Etirazçılar faiz dərəcələrinin aşağı salınmasını və vicdanlı iş şəraitinin yaradılmasını tələb edirlər. Onların sözlərinə görə, gündəlik qazanc çəkilən fiziki zəhməti və xərcləri qarşılamır.

Tətilə səbəb xidmət göstərdikləri şirkətlərin tarif dəyişikliyi təklifini rədd etməsi olub. Sürücülər mövcud şərtlərlə fəaliyyət göstərməyin artıq səmərəli olmadığını bildirirlər.

Aksiya iştirakçıları bəyan ediblər ki, şirkət rəhbərliyi hadisə yerinə gəlib onların suallarını cavablandırmayana qədər ərazini tərk etməyəcəklər.