Tbilisidə nəqliyyatın hərəkəti məhdudlaşdırılır: Patriarxla vida mərasimi üçün xüsusi rejim

Mar 20, 2026 - 21:33
 0  30
Tbilisidə nəqliyyatın hərəkəti məhdudlaşdırılır: Patriarxla vida mərasimi üçün xüsusi rejim

Gürcüstan Daxili İşlər Nazirliyi Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliyanın vəfatı ilə əlaqədar martın 21-də paytaxt Tbilisidə tətbiq olunacaq nəqliyyat məhdudiyyətləri barədə rəsmi məlumat yayıb.

Xeber.ge xeber  verir ki, məhdudiyyətlər həm şəxsi avtomobillərə, həm də bələdiyyə nəqliyyatına şamil ediləcək.

DİN və Tbilisi Meriyası vətəndaşları təcili zərurət olmadığı təqdirdə avtomobillərdən istifadə etməməyə çağırıb. 21 mart saat 15:00-dan gecə saat 00:00-dək aşağıdakı istiqamətlərdə hərəkət tamamilə dayandırılacaq:

  • Azadlıq meydanı və Şalva Dadiani küçəsi;
  • Rustaveli prospekti (Azadlıq meydanından Respublika meydanına qədər) və prospektə birləşən bütün küçələr;
  • Metexi körpüsü və Avropa meydanı;
  • Barataşvili körpüsü və Barataşvili enişi;
  • Ketevan Dedofali prospekti ("Metexi" otelindən "Avlabari" metro stansiyası istiqamətinə);
  • Avlip Zurabaşvili, Telavi və Tsurtsumiya küçələri, Axvlediani meydanı.

Məhdudiyyət müddətində sürücülər aşağıdakı alternativ yollardan istifadə edə bilərlər:

1.     Sololakidən: Nəqliyyat axını Asatiani küçəsi ilə Qorqasali küçəsi istiqamətinə yönləndiriləcək.

2.     Yuxarı Veradan: Hərəkət Barnovi küçəsi ilə "Dairəvi bağ" (Mrqvali baği) və Melikişvili prospekti istiqamətində mümkün olacaq.

3.     Kote Abxazi küçəsindən: Avtomobillər Şalva Dadiani küçəsinə keçərək Lermontov, Maçabeli və Leonidze küçələri vasitəsilə Sololaki istiqamətində hərəkət edəcəklər.

4.     Ketevan Dedofali prospektində: Avtomobillər "Sheraton Metekhi Palace" otelinədək hərəkət edə biləcək, oradan Boçorma küçəsi vasitəsilə "Socar"ın mərkəzi ofisi istiqamətinə keçid təmin olunacaq.

Sameba Kafedral Kilsəsinin ətrafındakı küçələrdə tətbiq olunan mövcud məhdudiyyətlər də qüvvədə qalır.