Tbilisidə kirayə mənzildə azərbaycanlı qızın meyiti tapıldı
Tbilisidə azərbaycanlı gənc qızın qətlə yetirilməsi ilə bağlı tükürpədici cinayət hadisəsi üzrə təfərrüatlar məlum olub. Hadisə barədə məlumatı Gürcüstanın tanınmış hüquq müdafiəçisi, "Sapari" qadın təşkilatının rəhbəri Baya Pataraia sosial şəbəkədə paylaşıb.
XEBER.GE xəbər verir ki, yaxınları iki gün ərzində gənc qızla əlaqə saxlaya bilmədikdən sonra polisə müraciət ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları qızın qaldığı kirayə mənzilin qapısını sındıraraq içəri girib və orada onun cansız bədənini tapıblar. İlkin məlumata görə, cinayəti törədən şəxs artıq Türkiyəyə qaçıb və barəsində axtarış elan olunub.
Hüquq müdafiəçisinin yaydığı məlumata görə, Azərbaycandan olan yetim və gənc qız sevdiyi oğlan tərəfindən "birlikdə yaşayacağıq və işləyəcəyik" vədi ilə aldadılaraq Gürcüstana gətirilib. Bundan əvvəl isə qız qohumları tərəfindən istəmədiyi başqa bir şəxslə nişanlanıbmış.
Tbilisiyə gəldikdən sonra oğlanın vəd etdiyi iş alınmayıb. Pulları qurtaran kimi sevgilisi qızın "iPhone" markalı telefonunu lombarda qoyub, özünü isə amansızcasına döyərək küçəyə, evsiz-eşiksiz vəziyyətdə atıb və təkbaşına Azərbaycana qayıdıb.
Küçədə çarəsiz qalan azərbaycanlı qıza Tbilisidə yaşayan xeyirxah bir erməni qadın sahib çıxıb. O, qızın rahat ünsiyyət qura bilməsi üçün öz azərbaycanlı rəfiqəsini də çağırıb və gənc qızın Azərbaycandakı qohumları ilə əlaqə saxlamasına kömək edib.
Zəngdən sonra qızın qohumu olan gənc bir kişi Tbilisiyə gəlib. O, "vəziyyət sakitləşənə qədər bir neçə aylıq ona mənzil kirayələyəcəyini, sonra isə Azərbaycana geri aparacağını" bildirərək qızı aparıb və mənzilə yerləşdirib.
Hər şeyin normal getdiyi düşünülsə də, bir müddət sonra qız yoxa çıxıb. Azərbaycanda yaşayan kiçik bacısı ondan iki gün xəbər ala bilməyəndə Tbilisidəki həmin erməni qadına zəng vuraraq kömək istəyib. Qadın qızın qaldığı mənzilə yollansa da, qapını açan olmayıb. Ətrafdakı qonşular isə ötən gecə mənzildən dəhşətli qışqırıq və dava səslərinin gəldiyini bildirsələr də, polisə xəbər vermədikləri məlum olub.
Bundan sonra erməni qadın polisə zəng edib və evdən gənc qızın meyiti tapılıb.
Baya Pataraia bildirir ki, hadisə barədə ona həyat yoldaşı azərbaycanlı olan rusiyalı bir bloger məlumat verib. Bloger cinayətin ört-basdır ediləcəyindən və qatilin cəzasız qalacağından ehtiyat edir.
Çünki Azərbaycandakı bəzi qohumlar baş verənlərə görə öldürülən qızın özünü günahlandırır və qətli "namus davası/namus cinayəti" adı altında əsaslandırmağa, qatilə bəraət qazandırmağa çalışırlar.
"Bu işin gizlədilməməsi və qatilin cəzasız qalmaması üçün hamımız — gürcülər də, azərbaycanlılar da, ermənilər də, türklər də səsini ucaltmalıdır! Bu dəhşətli fəmisid hadisəsi artıq üç-dörd ölkəyə toxunur", — deyə Pataraia bildirib.
"Sapari" təşkilatı bu gün səhər saatlarında rəsmən Gürcüstan Baş Prokurorluğuna müraciət edərək, öldürülən qızın Azərbaycandakı bacısının adından hüquqi müdafiəçi kimi işə cəlb olunmalarını tələb edib. Hazırda prokurorluğun qərarı gözlənilir.