Tbilisidə neonasist qruplaşmasının qeyri-insani rəftarı-VİDEO
“Şənbə Efiri” proqramı paytaxt Tbilisidə fəaliyyət göstərən neonasist qruplaşmasının törətdiyi dəhşətli cinayətlərin video görüntülərini əldə edib.
Xeber.ge xeber verir ki,
İstintaq materiallarına əsasən, yeniyetməyə qarşı qeyri-insani rəftar edən üç maskalı şəxs ötən gün Tbilisidə saxlanılan neonasist qruplaşmasının üzvləridir. Məlum olub ki, cinayətkarlar 17 yaşlı oğlanı qaçıraraq qarət edib, ona ağır işgəncələr verdikdən sonra musiqi sədaları altında rəqs etməyə məcbur ediblər. Onlar qurbanı polisə şikayət edəcəyi təqdirdə öldürməklə hədələyiblər.
Bu, qruplaşmanın törətdiyi çoxsaylı cinayətlərdən yalnız biridir. Məlumata görə, bənzər üsullarla 15 yaşlı digər bir məktəbli də işgəncəyə məruz qalıb. Kadrlarda küt alətlərlə silahlanmış dəstə üzvlərinin azyaşlını yerə yıxaraq tapdaladıqları görünür.
İstintaqın 18 cildlik materiallarında daha bir azyaşlının taleyi əks olunub. Belə ki, cinayətkar qrup metronun "Marjanişvili" stansiyası yaxınlığında bir məktəblini geyiminə görə saxlayaraq köhnə binaya aparıb və orada ona işgəncə veriblər. Hadisənin videosu sonradan sosial şəbəkələrdə yayılıb.
Neonasist qruplaşmasının üzvləri arasında azyaşlı qızların da olduğu bildirilir. Hazırda bu ağır cinayət işi üzrə 16 nəfər saxlanılıb ki, onlardan 10-u yetkinlik yaşına çatmayan şəxslərdir. İstintaq davam edir.