Tbilisidə kuryerlərin böyük yürüşü: "Layiqli ancaqlandırma tələb edirik!"

May 1, 2026 - 15:53
 0  31
Tbilisidə kuryerlərin böyük yürüşü: "Layiqli ancaqlandırma tələb edirik!"

Gürcüstanın paytaxtı Tbilisidə nəqliyyat və xidmət sektorunda gərginlik artmaqdadır.

Taksi sürücülərinin kütləvi aksiyasından sonra "Wolt" və "Glovo" çatdırılma xidmətlərinin kuryerləri də işi dayandıraraq etirazlara qoşulublar.

Xeber.ge xəbər verir ki, paytaxt küçələrində toplanan kuryerlərin böyük kolonu mərkəzi yollarla hərəkət edərək şirkət rəhbərliklərindən layiqli iş şəraiti tələb ediblər.

Kuryerlər xidmət haqlarının kəskin şəkildə azaldılmasından və artan inflyasiya fonunda qazanclarının minimuma enməsindən şikayətçidirlər:

·         Sürücülər bir sifariş üçün onlara cəmi 3-4 lari ödənilməsini qeyri-kafi hesab edirlər. İki sifarişin birləşdirildiyi hallarda isə cəmi 5 lari ödəniş edilir.

·         Kuryerlər bu cüzi məbləğ qarşılığında həm iaşə obyektlərində, həm də müştərilərin ünvanında uzun müddət gözləməyə məcbur qaldıqlarını bildirirlər.

·         Ölkədə gündəlik tələbat mallarının və xidmətlərin bahalaşması fonunda mövcud tariflərlə işləməyin qeyri-mümkün olduğu vurğulanır.

Bu gündən etibarən xarici ölkə vətəndaşlarına kuryer kimi fəalişət göstərmək rəsmən qadağan edilsə də, aksiya iştirakçıları bu qadağanın icrasına şübhə ilə yanaşırlar.

"Bizə məlumat daxil olub ki, şirkətlər hələ də əcnəbi işçiləri işə götürməyi planlaşdırır. Saburtalo və digər ətraf rayonlarda hələ də işləyən əcnəbi kuryerlər görürük. Onların başqalarının adına açılmış hesablarla bu qadağadan yan keçəcəklərindən qorxuruq", – deyə kuryerlərdən biri bildirib.

Etirazçılar çatdırılma bazarının əsas oyunçuları olan "Wolt" və "Glovo" şirkətlərindən ödəniş siyasətinə yenidən baxmağı və kuryerlərin əməyinin real bazar şərtlərinə uyğun qiymətləndirilməsini tələb edirlər.

Xatırladaq ki, günün erkən saatlarından etibarən Tbilisidə taksi sürücüləri də analoji tələblərlə aksiya keçirirlər. Ekspertlər xidmət sektorundakı bu kütləvi etirazların şəhər infrastrukturunda və çatdırılma zəncirində ciddi fasilələrə yol açacağını proqnozlaşdırırlar.