Gürcüstanda əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq

May 1, 2026 - 15:59
 0  39
Gürcüstanda əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq

Gürcüstanın Milli Ətraf Mühit Agentliyi ölkə ərazisində gözlənilən kəskin hava dəyişikliyi ilə bağlı əhaliyə xəbərdarlıq edib.

Mayın 2-dən 6-dək ölkə miqyasında qeyri-sabit hava şəraitinin hökm sürəcəyi proqnozlaşdırılır.

Xeber.ge xəbər verir ki, yaxın günlərdə Gürcüstanın müxtəlif bölgələrində vaxtaşırı yağıntıların olacağı, bəzi yerlərdə isə intensiv xarakter alacağı gözlənilir.

  Agentliyin məlumatında qeyd olunur ki, əlverişsiz hava şəraiti zamanı aşağıdakı hadisələrin baş vermə ehtimalı yüksəkdir:

·         Yağıntılarla yanaşı, bəzi ərazilərdə ildırım və dolu düşməsi ehtimalı var.

·         Küləyin sürətinin müəyyən fasilələrlə güclənəcəyi bildirilir.

·         Yüksək dağlıq rayonlarda qar uçqunu (zaval) təhlükəsi mövcuddur.

Milli Ətraf Mühit Agentliyi intensiv yağıntıların fəsadlara yol aça biləcəyi barədə xüsusi xəbərdarlıq edib:

·         Gözlənilən yağıntılar nəticəsində iri çaylarda suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artacağı, kiçik çaylarda isə qısamüddətli daşqınların baş verəcəyi istisna olunmur.

·         Dağlıq və dağətəyi zonalarda torpaq sürüşməsi və sel proseslərinin aktivləşməsi ehtimalı var.

Mütəxəssislər yaranmış təhlükə səviyyəsini "orta" olaraq qiymətləndirirlər. Əhaliyə və müvafiq qurumlara ehtiyatlı olmaq, çay kənarlarında və sürüşməyə meyilli ərazilərdə diqqətli davranmaq tövsiyə edilir.