Tbilisidə aptek və mağazaları soyub 30 min lari ziyan vuran 5 yeniyetmə saxlanıldı-VİDEO
Tbilisi Polis Departamentinin Yeniyetmələrin İşləri üzrə Baş İdarəsi müxtəlif vaxtlarda qrup halında törədilmiş oğurluq və soyğunçuluq ittihamı ilə 5 yeniyetməni saxlayıb. DİN-in məlumatına görə, onların arasında 2 nəfər əvvəllər məhkum olunub və hazırda şərti cəza altındadır.
XEBER.GE xeber verir ki, yeniyetmələr qabaqcadan əlbir olaraq, qrup halında, qanunsuz mənimsəmə məqsədilə Tbilisidə yerləşən aptek və ərzaq mağazaları şəbəkələrindən müxtəlif dəyərdə məhsulları ələ keçirərək hadisə yerindən qaçıblar. Həmçinin müəyyən edilib ki, təqsirləndirilən şəxslərdən biri vətəndaşa məxsus motosikleti qanunsuz olaraq mənimsəyib.
Aparılan istintaq çərçivəsində ticarət obyektlərində yerləşdirilmiş müşahidə kameralarının görüntüləri götürülüb ki, bununla da təqsirləndirilən şəxslərin cinayət əməlləri sübuta yetirilir.
Yeniyetmələrin törətdikləri cinayət əməlləri nəticəsində müxtəlif təyinatlı ticarət obyektlərinə 30 000 laridən çox maliyyə ziyanı dəyib", — DİN bəyan edir.
Qurumun məlumatına görə, hər beş yeniyetmə hakim Qərarı əsasında saxlanılıb.
İstintaq Cinayət Məcəlləsinin 178-ci və 177-ci maddələri ilə aparılır ki, bu da 8 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.