“Silknet”in təsisçisinə qarşı ittiham irəli sürüldü

Jul 7, 2025 - 21:04
 0  15
“Silknet”in təsisçisinə qarşı ittiham irəli sürüldü

Gürcüstan Prokurorluğu Tbilisidə odlu silahın qanunsuz daşınması faktı üzrə “Silk Road Group” və “Silknet” şirkətlərinin təsisçisi, iş adamı Giorgi Ramişvilini rəsmi olaraq ittiham edib.

Bu barədə məlumatı Gürcüstan Prokurorluğu yayıb.

Prokurorluğun açıqlamasına görə, Giorgi Ramişviliyə Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 4-cü hissəsi (odlu silahın qanunsuz daşınması) ilə ittiham irəli sürülüb. Bu maddə ilə 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Prokurorluq məhkəməyə Giorgi Ramişvilinin barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təqdim edəcək.

Rəsmi məlumatda deyilir:

“Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, 6 iyulda Tbilisi beynəlxalq aeroportunun uçuş terminalında rentgen yoxlaması zamanı Giorgi Ramişvilinin əl yükündə ona saxlanma icazəsi ilə qeydiyyatdan keçmiş “WALTHER PPK/S” markalı, 9 mm-lik odlu tapança, daraq və 7 ədəd 9 mm-lik döyüş patronu aşkarlanıb ki, o, bunları qanunsuz olaraq daşıyırdı.

Hüquq-mühafizəçilər Giorgi Ramişvilini elə həmin gün saxlayıblar. Ona qarşı Cinayət Məcəlləsinin 236-cı maddəsinin 4-cü hissəsi ilə ittiham irəli sürülüb. Prokurorluq qanunla müəyyən olunmuş müddətdə məhkəməyə həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təqdim edəcək.”

Xatırladaq ki, iş adamı, “Silk Road Group” və “Silknet”in təsisçisi Giorgi Ramişvili dünən aeroportda saxlanılıb.

mənbə: interpress