Gürcüstanda bəzi məntəqələrdə seçkilərin nəticələri ləğv olundu
Məhkəmə Tetri Tsqaro və Tsalka elektron seçki məntəqələrinin nəticələrini ləğv edib.
Bu barədə Gürcüstan KİV-i məlumat yayıb.
Hakim elektron qaydada keçirilən seçkilərdə səsvermənin sirrinin pozulduğunu bildirib.
Gənc Hüquqşünaslar Assosiasiyası (GYLA) qeyd edib ki, hakimin qərarı seçicilərin şəxsi həyatının qorunması üçün yeni presedent yaradır.
“Məhkəmə Tsalka və Tetri Tsqaro bölgələrində bir neçə seçki bülletenini təsadüfi yoxlayıb, orada səsvermənin şəxsi toxunulmazlıq hüququnu pozan bülletenlərin arxasında marker işarələrinin göründüyü təsdiqlənib. Yoxlamanı şəxsən aparan hakim bülletenləri səs sayma aparatına qoyarkən məxfiliyin aşkar şəkildə pozulmasını qeydə alıb”, - deyə hakim bildirib.
Məhkəmə hesab edir ki, seçki prosesinə bu cür münasibət azad deyil və müvafiq olaraq, bütün bu nəticələr etibarsız hesab edilməlidir.
Qeyd olunur ki, bu, GYLA-nın təqdim etdiyi 24 şikayətdən təmin edilən yeganə şikayətdir.
Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçirilib. Həmin ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hakim “Gürcü arzusu” Partiyası qalib gəlib.
Parlamentə daxil olan 4 müxalifət partiyası, eləcə də Gürcüstan prezidenti Salome Zurabişvili seçkilərin saxtalaşdırıldığını bəyan edərək, onların nəticələrini qəbul etmirlər.
Müxalifət qüvvələri də mandatlarından imtina edərək, xüsusən də ölkə parlamenti qarşısında gündəlik etiraz aksiyalarını davam etdirirlər.
mənbə: publika