Rövşən İskəndərov saxlanılıb - Papuaşvilidən açıqlama
Sadaxlı kəndindəki 69 saylı seçki məntəqəsində bülletenləri seçki qutusuna atan "Gürcü Arzusu"ndan olan deputat saxlanılıb.
Bu barədə "Gürcü Arzusu" partiyasının siyasi şurasının üzvü Şalva Papuaşvili bildirib.
Papuaşvilinin sözlərinə görə hadisə ilə bağlı istintaq aparılır.
“Cəmi bir neçə hal qeydə alınıb və hər birinə cavab verilib. Bu arada, bir şeyi də demək lazımdır ki, səsvermənin təkrar edilməsinə dair ittihamlarla bağlı dünən ATƏT/ODİR-in rəhbərinə sual verildi və o, bir faktı göstərdi – Marneulidəki hadisə. Həmin şəxs saxlanılıb və iş üzrə istintaq gedir.İkinci fakt var idi, bu da maraqlıdır, həmin məsələ ilə bağlı qeyri-hökumət təşkilatlarından biri şikayət də yazıb və bu, 'Lelo' partiyasının nümayəndəsinə aiddir. Bilmirəm, nə qədər doğrudur, amma 'Lelo'nun nümayəndəsi olub ki, bülletenləri qutuya atmağa çalışıb. Yəni əgər insident olubsa, hamısına cavab verilib. Şikayətlər verilib və onların hamısı araşdırılacaq, amma bu yalanların hamısına cavab veriləcək”, - Papuaşvili bildirib.
Xatırladaq ki, Gürcü Arzusu"ndan olan deputat Rövşən İskəndərovun Sadaxlı kəndindəki 69 saylı seçki məntəqəsində bir neçə bülleteni seçki qutusuna atdığı anı əks etdirən video sosial şəbəkədə yayılmışdı.
Qeyd edək ki, Rövşən İskəndərovun saxlanılması ilə bağlı DİN açıqlama verməyib.
mənbə: interpress