Quriya bölgəsində kəndlər hələ də pis hava şəraiti ilə üz– üzədir- Elektrik və ərzaq problemi yaşanır

Quriya bölgəsində bir neçə kənd hələ də xarici aləmdən təcrid olunmuş vəziyyətdədir. Çox güclü qar səbəbindən yollar bağlanıb, elektrik enerjisi kəsilib və sakinlər ərzaq çatışmazlığından əziyyət çəkirlər.
Bu barədə Çoxatouri Bələdiyyə Məclisinin müxalif üzvü Baco Axaladze bildirib.
Axaladzenin verdiyi məlumata görə, bəzi kəndlərlə əlaqə tamamilə kəsilib və təcrid olunmuş ərazilərdə yaşayan insanların vəziyyəti naməlumdur.
“Çoxatouri Bələdiyyəsində vəziyyət hələ də ağırdır. Bəzi kənd yolları mərkəzə qədər təmizlənsə də, kənddaxili yollar hələ də keçilməzdir. Dünən gecə qar yenidən yağdı, lakin əvvəlki qədər intensiv olmadı. Ən çətin vəziyyət Saçamiaseri, Kvemo Xeti, Zemo Xeti və Koxnari kəndlərindədir – bu kəndlər hələ də tam blokadadadır. Elektrik enerjisi yoxdur, üstəlik, bəzi tənha yaşlı sakinlərdən heç bir xəbər ala bilmirik. Onların vəziyyətinin necə olduğunu bilmirik. Bundan əlavə, ərzaq problemi də yaşanır.”
Baco Axaladzə hökumətə çağırış edərək, problemi tezliklə həll etmək üçün təcili tədbirlər görülməsinin vacibliyini vurğulayıb:
“Hakimiyyəti hərəkətə keçməyə çağırırıq ki, bu ağır vəziyyət tez bir zamanda həll olunsun.”
Hazırda bölgədə hava şəraiti hələ də çətin olaraq qalır, yolların təmizlənməsi və yardımın çatdırılması üçün dövlətin fövqəladə tədbirlər görməsi gözlənilir.
mənbə: Interpress