Qoridə mağazadan 136 min larilik "iPhone" oğurlayan şəxs saxlanılıb-VİDEO
Gürcüstanın Qori şəhərində mobil telefon mağazalarından birindən külli miqdarda oğurluq edən şəxs hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb.
Saxlanılan şəxs əvvəllər analoji cinayətlərə görə dəfələrlə məhkum olunub.
Xeber.ge xəbər verir ki, əməliyyat Şida Kartli Polis Departamentinin Qori Rayon İdarəsinin əməkdaşları tərəfindən keçirilib.
İstintaqla müəyyən edilib ki, 2005-ci il təvəllüdlü S.D. gecə saatlarında Qori şəhərində yerləşən mobil telefon mağazasına qanunsuz daxil olub. O, mağazadan ümumi dəyəri 136 000 lari (təxminən 51 000 dollar) olan 46 ədəd "iPhone" markalı smartfonu və digər elektron cihazları oğurlayaraq hadisə yerindən qaçıb.
Polis əməkdaşlarının keçirdiyi kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində hazırda şərti cəza altında olan şübhəli şəxs qısa müddətdə saxlanılıb. Saxlanılan şəxsin yaşadığı evə və onun göstərdiyi müxtəlif ünvanlara baxış zamanı oğurlanmış əşyalar tam şəkildə aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin 4-cü hissəsi (Külli miqdarda oğurluq) ilə cinayət işi başlanılıb. Bu maddə üzrə təqsirləndirilən şəxsi 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.