15 gündür huşsuz qalan Sima Quliyevanın yaxınlarından ağır ittihamlar-VİDEO
Tbilisinin 1 saylı Doğum Klinikasında həkim səhlənkarlığı ilə bağlı növbəti səs-küy və gərginlik yaşanır. Əməliyyatdan sonra vəziyyəti ağırlaşaraq komaya düşən 32 yaşlı Sima Quliyevanın ailə üzvləri "TV Pirveli"yə bildiriblər ki, xəstə təcili olaraq "Heliakor" klinikasına köçürülür.
XEBER.GE xəbər verir ki, Quliyevlar ailəsi 1 saylı Doğum Evində gənc qadına qarşı qeyri-peşəkar və qeyri-adekvat tibbi yardım göstərildiyini iddia edir.
Mərhumun yaxınlarının sözlərinə görə, gənc qadın artıq 15 gündür ki, bu klinikada huşsuz vəziyyətdə reanimasiyadadır. Sima Quliyevanın anası jurnalistlərə açıqlamasında həkimin onlara verdiyi vədi xatırladıb:
"Həkim qızıma söz vermişdi ki, bu cəmi 15 dəqiqəlik yüngül bir əməliyyatdır və elə həmin gün evə buraxılacaq. Lakin əməliyyatdan sonra uşağımın vəziyyəti saatbasaat daha da ağırlaşdı və komaya düşdü".
Ailənin ən ağır ittihamlarından biri isə klinikadakı tibbi avadanlıqların yararsız olması ilə bağlıdır. Yaxınlarının bildirdiyinə görə, hazırda komada olan Sima Quliyevaya təcili olaraq dializ aparatı qoşulmalıdır, lakin xəstəxana rəhbərliyi "aparatımız xarabdır, işləmir" deyərək xəstəyə bu proseduru tətbiq edə bilməyib.
Məhz bu səbəbdən ailə xəstənin həyatını xilas etmək üçün onu təcili olaraq başqa tibb müəssisəsinə köçürmək qərarına gəlib. Klinikanın qarşısında ailə ilə rəhbərlik arasında mübahisə və gərginlik davam edir.