Dələduzluq yolu ilə büdcədən külli miqdarda pul mənimsəmiş 1 nəfər barəsində cinayət işi başlanıb
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti dövlət büdcəsinə məxsus iri məbləğdə vəsaitin dələduzluq yolu ilə mənimsənilməsi faktı ilə bağlı bir şəxs barəsində cinayət təqibinə başlayıb.
Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb.
Qurumun yaydığı məlumata görə, istintaqla müəyyən edilib ki, 2020–2023-cü illər ərzində təqsirləndirilən şəxs ona məxsus şirkətin adından Gəlirlər Xidmətinə təqdim etdiyi aylıq ƏDV bəyannamələrində satışlarla bağlı saxta məlumatlar göstərib və nəticədə şirkətə qeyri-qanuni vergi aktivləri yaradıb.
İstintaq orqanları müəyyən edib ki, bu dələduzluq sxemi nəticəsində həmin şəxs ümumilikdə 639 684 lari məbləğində dövlət büdcəsinə məxsus vəsaiti qanunsuz olaraq ələ keçirib.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsi ilə aparılır. Bu maddə 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Qurum bildirir ki, dövlət büdcəsinə dəymiş ziyanın ödənilməsi və cinayətdə iştirak edən digər şəxslərin müəyyən olunması istiqamətində istintaq hərəkətləri davam edir.
mənbə: Interpress