Gürcüstanda yeni yaradılan dövlət naziri vəzifəsinin səlahiyyətləri məlum olub

Apr 27, 2026 - 20:51
 0  16
Gürcüstanda yeni yaradılan dövlət naziri vəzifəsinin səlahiyyətləri məlum olub

Gürcüstan hökumətində yeni təsis edilən Hüquq-mühafizə orqanlarının koordinasiyası məsələləri üzrə dövlət nazirinin səlahiyyət dairəsi müdafiə qurumlarını əhatə etməyəcək.

Xeber.ge xeber  verir ki, bu barədə hökumətin parlamentdəki katibi Vaxtanq Baçiaşvili Hüquq məsələləri komitəsinin iclasında məlumat verib.

  V. Baçiaşvili bildirib ki, dövlət nazirinin səlahiyyətlərinin Müdafiə Qüvvələrinə şamil edilməməsi barədə qərar uzun müzakirələrdən sonra qəbul edilib.

"Dövlət naziri vəzifəsi siyasi vəzifədir. Hər hansı sualların yaranmaması üçün bu mərhələdə dövlət nazirinin səlahiyyətlərinə müdafiə strukturunun koordinasiyasının daxil edilməsi planlaşdırılmır", – deyə o qeyd edib.

  Nazirin həm rutin, həm də strateji səlahiyyətləri hökumətin müvafiq fərmanı ilə dəqiqləşdiriləcək. Layihəyə əsasən, yeni dövlət nazirinin fəaliyyətinin maddi-texniki və təşkilati təminatını Hökumət Administrasiyası həyata keçirəcək.

  Gürcüstan parlamenti hazırda hökumətin tərkibində bu yeni dövlət naziri vəzifəsinin tətbiqini nəzərdə tutan qanun layihəsini sürətləndirilmiş qaydada müzakirə edir.