Qiorqi Baçiaşvilinin Gürcüstana necə gətirildiyi araşdırılsın – prokurorluğa müraciət olunub

Jun 2, 2025 - 20:13
 0  32
Qiorqi Baçiaşvilinin Gürcüstana necə gətirildiyi araşdırılsın – prokurorluğa müraciət olunub

“Birgə İnvestisiya Fondunun” keçmiş rəhbəri Qiorqi Baçiaşvilinin vəkili Davit Jandieri müvəkkilinin Gürcüstana məcburi şəkildə gətirilməsi ilə bağlı məsələ üzrə prokurorluğa rəsmi şəkildə araşdırma başlanması üçün müraciət edib.

“Tələb olunub ki, istintaq dərhal başlasın və məhkəmə iclasında səsləndirilmiş faktların araşdırılması üçün bütün zəruri prosessual addımlar atılsın. Cinayət izlərinin itirilməməsi üçün istintaq hərəkətləri təxirəsalınmadan həyata keçirilməlidir”, – deyə Jandieri “Azadlıq Radiosuna” bildirib.

Vəkilin sözlərinə görə, istintaqın effektiv aparılmayacağı təqdirdə, məsələ Avropa İnsan Haqları Məhkəməsinə (Strasburq) çıxarıla bilər.

Hazırda Qiorqi Baçiaşvili Rustavi Penitensiar Müəssisəsindən Qldani həbsxanasına köçürülüb. Onun vəkilinin sözlərinə görə, Penitensiar Xidmət bu addımı Qiorqi Baçiaşvilinin məhkəmə proseslərində iştirak etmək istəyi ilə əsaslandırıb.

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (SUS) mayın 27-də bəyan edib ki, Qiorqi Baçiaşvili mayın 26-da qırmızı axtarış bülleteni ilə axtarılan şəxs kimi Qırmızı Körpü ilə Sadaxlı arasında yerləşən “yaşıl sərhəd”in yaxınlığında müəyyən olunaraq saxlanılıb. Onun Gürcüstan və Rusiya vətəndaşlığı var.

Qiorqi Baçiaşvilinin saxlanılmasından sonra onun hüquqlarını müdafiə edən beynəlxalq vəkillər qrupu bildirib ki, o, Gürcüstana zorla gətirilib.

Mayın 29-da Tbilisi Şəhər Məhkəməsində keçirilən prosesdə Qiorqi Baçiaşvili özünün oğurlandığını, gözlərinin bağlandığını və "Georgian Airways" təyyarəsi ilə Gürcüstana gətirildiyini bəyan edib.

mənbə: marneulifm