Prokurorluq Daur Buavanın ölümü ilə bağlı kamera görüntüləri və yeni faktlar açıqladı-VİDEO

Aug 30, 2026 - 18:17
Aug 30, 2026 - 18:18
 0  10

Gürcüstan Prokurorluğu abxaziyalı bloqer Daur Buavanın ölümü işi üzrə müşahidə kameralarının görüntülərini ictimailəşdirir. İstintaq orqanı həmçinin bu mərhələdə müəyyən edilmiş hallar barədə məlumat yayır.

XEBER.GE xeber  verir ki, Gürcüstan Prokurorluğu Daur Buavanı təhlükədə qoyma faktı üzrə saxlanılan Ukrayna vətəndaşı V.K.-ya qarşı ittiham irəli sürüb.

Yüksək ictimai marağı nəzərə alaraq, hazırkı mərhələdə istintaq tərəfindən müəyyən edilmiş təfərrüatları ictimiyyətə təqdim etmək istəyirik.

Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla bu mərhələdə müəyyən edilib ki, Daur Buava Tbilisi şəhərində, Didi Diğomidə, Kristian Stiven küçəsində yerləşən kirayə mənzildə tək yaşayırmış. Cari ilin avqustun 23-ü saat 01:04-də Daur Buavanın evinə onun tanışı, Ukrayna vətəndaşı V.K. gəlib. Onun üzərində 'metadon' narkotik vasitəsi olub və bunu Daur Buava ilə birlikdə qəbul ediblər. Təqsirləndirilən şəxsin ifadəsinə görə, narkotik qəbulundan sonra Daur Buava dozanın az olduğunu bildirərək yenidən qəbul etmək istədiyini deyib. Narkotik vasitənin təsirindən təxminən saat 03:00 radələrində təqsirləndirilən V.K.-nın səhhəti pisləşib və o, huşunu itirib.

Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində izah edir ki, o, yalnız avqustun 25-i saat 09:00 radələrində özünə gəlib və Daur Buavanın ağır nəfəs aldığını, lakin huşunun özündə olmadığını görüb. İfadəyə əsasən, həmin vaxt özünün də səhhəti pis olduğu üçün qorxub və Daur Buavanı huşsuz vəziyyətdə saxlayaraq bu barədə heç kimə xəbər vermədən evi tərk edib. Təqsirləndirilən şəxsin zərərçəkənə yardım etmək borcu olduğu və onu xilas etmək imkanı çatdığı halda, həyati təhlükədə olan və özünü xilas etmək imkanı olmayan Daur Buavanı köməksiz buraxıb.

Eyni zamanda, iş üzrə keçirilmiş kimyəvi ekspertizanın rəyi ilə Daur Buavanın 'metadon' narkotik vasitəsi və spirtli içki qəbul etməsi faktı təsdiqlənib, onun yaşadığı evdə isə 'metadon' aşkar olunub.

Həmçinin Daur Buavanın yaşadığı binanın girişində yerləşdirilmiş videokameraların görüntüləri ilə təsdiqlənir ki, avqustun 23-ü saat 01:04-də onun evinə təqsirləndirilən V.K. gəlib.

Videokameraların görüntülərində o da görünür ki, elə həmin gün, avqustun 23-ü saat 01:57 və 02:38-də Daur Buava binanın blokundan tək çıxır və təxminən iki dəqiqədən sonra geri qayıdır. Bundan sonra Daur Buava kameralara düşmür.

Görüntülər onu da təsdiqləyir ki, avqustun 25-i saat 09:43-də Daur Buavanın yaşadığı binanın blokunu təqsirləndirilən V.K. tərk edir. Ehtimal ki, onun səhhəti hələ də pis olub və blokda olan yerli sakinlər ona kömək ediblər.

Daxili İşlər Nazirliyində cinayət işi üzrə istintaq davam edir və müvafiq təxirəsalınmaz prosessual və istintaq hərəkətləri aparılır. Daur Buavanın müvəqqəti yaşadığı bina və ətraf ərazidəki videokameraların yazıları müsadirə olunub. Habelə Daur Buavanın və işlə əlaqəsi olan bütün şəxslərin mobil telefonları və kompyuter texnikası götürülüb, şahidlərin dindirilməsi aparılır, müvafiq tibbi və digər ekspertizalar təyin olunaraq keçirilir.

Saxlanılan şəxsə Gürcüstan Cinayət Məcəlləsinin 128-ci maddəsi (təhlükədə qoyma) ilə ittiham irəli sürülüb.

Prokurorluq təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri kimi həbs qərarının çıxarılması üçün qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək.

Bununla yanaşı, ictimiyyətə bildirmək istəyirik ki, həmin cinayət işi çərçivəsində Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən yaşayış evlərində aparılan axtarış nəticəsində üzərlərində narkotik vasitə tapılan iki şəxs saxlanılıb. Onlardan biri məhz təqsirləndirilən V.K.-ya narkotik vasitəni verən şəxsdir ki, V.K. da sonradan bunu Daur Buava ilə birlikdə qəbul edib", — deyə Prokurorluğun yaydığı məlumatda bildirilir.