Penitensiar Xidmət Saakaşvilinin Patriarxın dəfnində iştirak tələbinə rədd cavabı verib

Mar 20, 2026 - 13:20
 0  34
Penitensiar Xidmət Saakaşvilinin Patriarxın dəfnində iştirak tələbinə rədd cavabı verib

Gürcüstanın Xüsusi Penitensiar Xidməti həbsdə olan eks-prezident Mixail Saakaşvilinin Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliyanın dəfn mərasiminə aparılması ilə bağlı müraciətini rədd edib.

Qurum bu tələbin mövcud qanunvericiliyə uyğun olmadığını bildirib.

Xeber.ge xəbər verir ki, Xüsusi Penitensiar Xidmətdən "Tabula" nəşrinə verilən məlumatda qeyd olunub:

"Gürcüstanın üçüncü prezidentinin adından vəkili müvafiq quruma müraciət ünvanlayıb. Lakin bu tələb Penitensiar Məcəllədə nəzərdə tutulmuş normalara cavab vermir."

Xatırladaq ki, hazırda həbsdə olan Mixail Saakaşvili bu gün sosial şəbəkə hesabında paylaşım edərək Patriarxla vida mərasiminə qatılmaq istədiyini bəyan etmişdi:

"Vəkilimdən müvafiq ərizə yazmağı xahiş etdim. Patriarxın dostu və Gürcüstanın üçüncü prezidenti kimi, onun dəfn mərasiminə aparılmağımı tələb edirəm."

Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya 93 yaşında, 17 mart saat 22:10-da Qafqaz Tibb Mərkəzində vəfat edib. Həmin gün səhər saatlarında Patriarxlığın yaydığı məlumata görə, o, daxili qanaxma diaqnozu ilə klinikaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

II İliya bazar günü, 22 mart tarixində Tbilisi Sioni Kafedral Kilsəsində dəfn ediləcək.