“ Oğru aləmi” ilə əlaqədə olan 30 nəfər saxlanılıb, 2 nəfərə isə qiyabi ittiham irəli sürülüb

Gürcüstan Daxili İşlər Nazirliyi ötən gecə Tbilisi, İmereti, Samtsxe-Cavaxeti və Kaxeti bölgələrində keçirdiyi xüsusi əməliyyat zamanı “qanuni oğru aləmi” ilə əlaqəli 30 nəfəri saxlayıb, daha 2 nəfərə isə qiyabi ittiham irəli sürüb.
Məlumatı DİN Mərkəzi Kriminal Polis Departamentinin təşkil olunmuş cinayətkarlıqla mübarizə baş idarəsinin rəsmisi Tornike Marsagişvili brifinqdə açıqlayıb.
Onun sözlərinə görə, saxlanılanlardan 19 nəfər “qanuni oğru aləmi üzvünə müraciət etmə”, 7 nəfər “qanuni oğru aləminin fəaliyyətini dəstəkləmə”, 4 nəfər isə “qanuni oğru aləmi üzvü olmaq” ittihamı ilə həbs edilib. Qiyabi ittiham olunan şəxslərdən biri məşhur “qanuni oğru” Tengiz Xoferia (ləqəbi “Çinka”), digəri isə T.K.-dir.
İstintaq müəyyən edib ki, şübhəlilər şəxsi qazanc əldə etmək məqsədilə vətəndaşlar arasında yaranmış maliyyə mübahisələrinin həllinə müdaxilə ediblər, “qanuni oğru ənənələrinə” uyğun olaraq tərəflərlə birlikdə sözdə “görüşlər” keçirib, qərar qəbul edərək bir tərəfə pul ödəmək öhdəliyi qoyublar. Müəyyən edilmiş müddət pozulduqda isə qarşı tərəfi fiziki zorakılıq və qətlə yetirməklə hədələyiblər.
Həmçinin istintaq sübut edib ki, bu proseslərdə xaricdə yaşayan “qanuni oğru” Tengiz Xoferia (“Çinka”) da iştirak edib.
Polisin keçirdiyi axtarışlar zamanı saxlanılanların evlərindən odlu silah, döyüş sursatı, pul və mobil telefonlar götürülüb. Mobil vasitələrlə onlar bir-birləri və xaricdə yaşayan digər “qanuni oğrularla” əlaqə saxlayırmışlar.
Cinayət faktları üzrə Gürcüstan CM-nin 223-cü prim, 223-cü tersiya və 223-cü kvarta maddələri ilə istintaq aparılır. İttiham olunan şəxsləri 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
DİN bildirib ki, təşkil olunmuş cinayətkarlıqla, o cümlədən “qanuni oğru aləmi” ilə mübarizə qurumun əsas prioritetlərindən biridir.
mənbə: interpress