Muxalifət liderinin həyat yoldaşı qaçırıldı-VİDEO

Jun 9, 2025 - 12:41
 0  38

"Vahid Milli Hərəkat" partiyasının sədri Tina Bokuçava bəyan edib ki, həyat yoldaşı Kote İoseliani naməlum şəxslər tərəfindən oğurlanıb və video müraciəti məcburiyyət altında yazdırılıb.

Söhbət İoselianinin bir neçə il əvvəl Bidzina İvanişvilinin oğlu Uta İvanişvili barədə verdiyi bəyanətə görə ikinci dəfə üzr istədiyi videodan gedir.

Bokuçavanın sözlərinə görə, hadisə onların yaşadığı evin yaxınlığında baş verib:

“Gecə vaxtı, mənim və üç azyaşlı övladımla yaşadığımız evin blokunun qarşısında beş maskalı şəxs Kote İoselianiyə hücum edib. Onu avtomobilə mindirib, gözlərini bağlayaraq və əllərini qandallayaraq naməlum istiqamətə aparıblar. Gözləri bağlı olduğundan konkret yer müəyyənləşdirilə bilməsə də, ehtimal edilir ki, o, uzun müddət Daxili İşlər Nazirliyinin ‘Moduli’ binasında saxlanılıb.”

Onun bildirdiyinə görə, həyat yoldaşı səkkiz saat ərzində psixoloji təzyiqə məruz qalıb və ailə üzvlərinin, o cümlədən 10 yaşlı uşaqlarının məktəbi və 2 yaşlı əkizlərinin bağçasının yerləri ilə hədələnib:

“Bütün bu müddət ərzində onun şəxsi telefonuna çıxış verilməyib. Mən həyat yoldaşımla əlaqə saxlamağa çalışırdım, lakin bu mümkün olmadı. Bu video onun iradəsi olmadan çəkilib. Həmin bəyanətə görə Kote artıq illər əvvəl üzr istəmişdi. Dünənki hadisənin əsl səbəbi mənim qorxudulmağım və susdurulmağım cəhdidir.”

Bokuçava iddia edir ki, bu kampaniyanın sifarişçiləri arasında Bidzina İvanişvilinin yaxın ətrafı və Gela Geladze kimi şəxslər var:

“Onlar düşündülər ki, məni birbaşa həbs edə bilmirlər və ailə üzvlərim vasitəsilə məni susduracaqlar. Amma mən açıq şəkildə deyirəm – qorxmuram, susmayacağam və bu zorakı, xəyanətkar rejimə qarşı mübarizəmi davam etdirəcəyəm.”

Sonda Bokuçava “yerli özünüidarəetmə seçkilərində guya İvanişviliyə qarşı mübarizə”nin də saxta olduğunu deyib:

“Bu seçkilər deyil, xüsusi əməliyyatdır və orada iştirak ancaq İvanişvili ilə sövdələşmənin nəticəsi ola bilər. Ümid edirəm, mənim hörmət etdiyim insanlar bu cür sövdələşməyə getməyəcəklər. Mənim üçün hər bir dəstək ifadəsi çox dəyərlidir. Azadlıq bütün siyasi məhbuslara! Axırda biz qalib gələcəyik,” – deyə Bokuçava bildirib.

mənbə: interpress