Mixeil Saakaşvili: "Məni məhv etməyə çalışırlar"

Feb 20, 2025 - 15:25
 0  68
Mixeil Saakaşvili: "Məni məhv etməyə çalışırlar"

"Məni məhv etməyə çalışırlar, amma bu, Gürcüstan dövlətçiliyinin məhv edilməsi ilə müqayisədə heç nədir."

Bu barədə Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili, bu gün keçirilən məhkəmə iclasına videobağlantı vasitəsilə qoşularaq danışarkən bildirib.

Saakaşvili özünü siyasi məhbus adlandırıb və hökumətin onu "vətənpərvərliyinə görə cəzalandırdığını" bəyan edib.

"Hamı bilməlidir ki, biz Gürcüstan tarixində ən uğurlu 9 ilin simvolu olmuşuq. Mən cəzalandırılıram, çünki müasir bir dövlət yaratmağa cəsarət etdim. Mən cəzalandırılıram, çünki bataqlıqdan bir şəhər – Batumi yaratdım. Mən cəzalandırılıram, çünki turizmi 50 mindən 7 milyona qədər artırdım. Mən cəzalandırılıram, çünki korrupsiyanı məhv etdim və insanların hesabına varlanmaq istəyənlərə imkan vermədim. Mən cəzalandırılıram, çünki vətənimi sevirəm və həyatımı təhlükəyə ataraq ölkəmə qayıtdım," – deyə Saakaşvili bildirib.

O, özünü siyasi məhbus adlandıraraq qeyd edib ki, hazırkı Gürcüstan hökuməti siyasi məhbusların sayını artırmaqda davam edir.

"Ən sərt rejimlərdən biri olan Belarusun lideri Lukaşenko hətta siyasi məhbuslarla bağlı danışıqlar aparır və onların azad edilməsinə hazırlaşır. Gürcüstanda isə əksinə, siyasi məhbusların sayı artır. Artıq Belarusdan da geri qalmırıq," – deyə o vurğulayıb.

Saakaşvili bəzi siyasətçiləri onun adının siyasi məhbus kimi hallandırılmasından yayınmaqda günahlandırıb və bunu öz tərəfdarlarına qarşı demotivasiya hesab etdiyini bildirib.

"Bəzi insanlar mənim siyasi məhbus olduğumu açıq şəkildə söyləməkdən çəkinirlər. Lakin hamı bilir ki, mən niyə buradayam. Məni Gürcüstana qayıtdığım üçün, paltarlara (pencəklərə) və prezident ofisinin xərclərinə görə mühakimə edirlər. Əvvəllər '9 milyard dollar oğurlayıb' deyirdilər, sonra da məni kütləvi qətllərdə və cinayətlərdə günahlandırdılar. İndi isə ittihamları budur?" – deyə o qeyd edib.

Saakaşvili həmçinin "Mtavari Arxi" telekanalının bağlanmasına münasibət bildirərək, bunun Gürcüstanda azad mediaya qarşı hücum olduğunu vurğulayıb.

"Mən 'Mtavari' telekanalının jurnalistlərinə tam dəstəyimi ifadə edirəm. Bu telekanalın yaradılmasına böyük töhfə vermişdim. İndi isə hesab edirəm ki, kiçik televiziya kanalları və sosial media platformaları gələcəyin əsas media məkanı olacaq və yeni imkanlar yaradacaq," – deyə eks-prezident bildirib.

O, çıxışının sonunda "Gürcüstanın bu mübarizədən qalib çıxacağına inandığını" vurğulayıb.

"Qış hələ davam edir, amma bilirəm ki, bahar gələcək və onunla birlikdə azadlıq da gələcək. Bu mübarizə mütləq uğurla nəticələnəcək. Mən buna əminəm," – deyə Saakaşvili bəyan edib.

mənbə: Interpress