Martvilidə silahlı basqın: Külli miqdarda pul qarət edən şəxslər saxlanılıb

Apr 27, 2026 - 10:57
 0  35
Martvilidə silahlı basqın: Külli miqdarda pul qarət edən şəxslər saxlanılıb

Gürcüstanın Martvili bələdiyyəsində odlu silahın tətbiqi ilə müşayiət olunan ağır quldurluq hadisəsi baş verib.

Hadisə nəticəsində bir nəfərdən külli miqdarda pul vəsaiti zorla mənimsənilib.

 Xeber.ge xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində əvvəllər

məhkum olunmuş iki şəxs - 1985-ci il təvəllüdlü Q.İ. və 1992-ci il təvəllüdlü Q.Z. saxlanılıb.

İstintaqla müəyyən edilib ki, aprelin 25-də gecə saatlarında silahlı şəxs və onun əlbirləri Martvili bələdiyyəsinin kəndlərindən birində yaşayan vətəndaşın evinə basqın ediblər.

Onlar ev sahibini öldürməklə hədələyərək və odlu silah nümayiş etdirərək külli miqdarda nağd pulu ələ keçirib hadisə yerindən qaçıblar.

Hüquq-mühafizə orqanları tərəfindən keçirilən "isti izlərlə" əməliyyat nəticəsində Q.İ. qısa müddətdə yaxalanıb.

Axtarış zamanı qarət olunan pulun bir hissəsi maddi sübut kimi ondan müsadirə edilib.

Digər saxlanılan şəxs Q.Z. isə baş vermiş ağır cinayət barədə məlumatlı olsa da, bu barədə polisə xəbər verməməkdə ittiham olunur.

Hazırda quldurluq hadisəsində iştirak edən digər iki nəfərin şəxsiyyətinin müəyyən edilməsi və saxlanılması istiqamətində aktiv istintaq-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 179-cu maddəsi (Quldurluq) ilə cinayət işi başlanılıb.

Bu maddə üzrə təqsirləndirilən şəxsləri 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.