Liloda qətl hadisəsi – polis iki nəfəri saxladı
Tbilisi Polis Departamentinin əməkdaşları isti izlə həyata keçirilən operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində 1986-cı il təvəllüdlü L.K.-ni qəsdən adamöldürmə, 1990-cı il təvəllüdlü Z.Ş.-ni isə xüsusilə ağır cinayəti xəbər verməmə ittihamı ilə saxlayıb.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hadisə ötən gecə Lilo qəsəbəsində baş verib.
İstintaq müəyyən edib ki, 31 yanvar tarixində Tbilisidə, L.K. mübahisə zəminində 1977-ci il təvəllüdlü T.T.-yə odlu silahdan bir neçə dəfə atəş açıb. Nəticədə, T.T. aldığı güllə yaralarından bir neçə dəqiqə sonra öz avtomobilində dünyasını dəyişib.
Hadisədən bir neçə saat sonra L.K. polis idarəsinə gedərək cinayəti törətdiyini etiraf edib və qətldə istifadə olunan silahı təhvil verib. O, müvafiq istintaq hərəkətlərindən sonra rəsmi olaraq ittiham olunaraq saxlanılıb.
Eyni zamanda, istintaq müəyyən edib ki, qətl hadisəsinə Z.Ş. şahidlik etsə də, polisə məlumat verməyib.
Qəsdən adamöldürmə və odlu silahın qanunsuz əldə edilməsi, saxlanması və daşınması faktları ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci və 236-cı maddələri üzrə davam etdirilir. Cinayət sübuta yetirilərsə, təqsirləndirilən şəxsi 15 ilə qədər həbs cəzası gözləyir.
mənbə: interpress