Daxili İşlər Nazirliyi etirazçılara xəbərdarlıq etdi

Feb 1, 2025 - 20:20
 0  85
Daxili İşlər Nazirliyi etirazçılara xəbərdarlıq etdi

"Gürcüstan hökumətinin 23 oktyabr 2024-cü il tarixli №361 qərarına əsasən, beynəlxalq əhəmiyyətli avtomobil yolları strateji və xüsusi əhəmiyyətli obyektlər hesab olunur".

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə və media platformalarında yayılan 2 fevral tarixində mərkəzi magistral yollarda və avtomobil yollarında keçirilməsi planlaşdırılan aksiya ilə bağlı bəyanatında qeyd olunub.

DİN-in açıqlamasında bildirilir ki, Gürcüstan Cinayət Məcəlləsinin 222-ci maddəsinə əsasən, belə obyektlərin bloklanması qanunsuzdur və bu əməl 2 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Əgər bloklama qrup halında həyata keçirilərsə, cəza müddəti 2 ildən 4 ilə qədər ola bilər.

DİN aksiya təşkilatçılarına və iştirakçılarına qanunsuz addımlardan çəkinməyi və etirazlarını qanun çərçivəsində ifadə etməyi tövsiyə edib. Nazirlik həmçinin qeyd edib ki, aksiya iştirakçılarının qanunu pozduğu təqdirdə, polis bütün müvafiq hüquqi tədbirləri həyata keçirəcəkdir.

Qeyd edək ki, strateji və xüsusi əhəmiyyətli obyektlərin siyahısına beynəlxalq əhəmiyyətli avtomobil yolları, magistral yollar, eləcə də paytaxta giriş-çıxış yolları daxildir. Nazirlik vurğulayıb ki, 2 fevral tarixində aksiya məhz bu ərazilərdə planlaşdırılır.

mənbə: interpress