Kənd İnkişafı Agentliyinin departament rəhbəri dələduzluq ittihamı ilə saxlanılıb
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti Kənd İnkişafı Agentliyinin layihələrin idarə olunması və texniki yardım departamentinin rəhbəri T.K.-nı saxlayıb.
Bu barədə Maliyyə Nazirliyində keçirilmiş brifinqdə İstintaq Xidməti rəisinin müavini Elquca Tavberidze məlumat verib.
Tavberidzenin sözlərinə görə, T.K. şəxsi maddi qazanc əldə etmək məqsədilə təşkil olunmuş cinayətkar qrupla əməkdaşlıq edib və agentliyin keçmiş əməkdaşı L.D. və digər qrup üzvləri ilə birgə qanunsuz yolla əldə edilən vəsaitin bölüşdürülməsində iştirak edib.
Xatırladaq ki, istintaq çərçivəsində 2025-ci il iyulun 18-də “Kənd təsərrüfatı texnikasına birgə maliyyələşmə proqramı” çərçivəsində ayrılmış 826 815 lar dəyərində qrant vəsaitinin dələduzluq yolu ilə mənimsənilməsi faktı üzrə 11 nəfər, o cümlədən təşkilatçılardan biri – agentliyin keçmiş əməkdaşı L.D. saxlanılıb.
İstintaqla müəyyən olunub ki, 2021–2024-cü illər ərzində təqsirləndirilən şəxslər müxtəlif benefisiarların adından agentliyə dəfələrlə müraciət edərək saxta invoyslar, məhsul sənədləri, texnikanın təhvil-təslim aktları və auditor hesabatları təqdim ediblər. Bu saxta sənədlər əsasında agentlik onların şəxsi bank hesablarına kənd təsərrüfatı texnikası almaq məqsədilə ayrılan birgə maliyyələşmə vəsaitini – 826 815 lar – köçürüb.
Dövlətə dəymiş ziyanın ödənilməsi məqsədilə təqsirləndirilən şəxsin və onunla əlaqəli şəxslərin adına olan əmlak və bank hesablarına həbs qoyulub.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 210, 180 və 362-ci maddələri ilə aparılır. Bu maddələr 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Dövlətə dəymiş ümumi ziyanın dəqiq məbləğinin müəyyənləşdirilməsi və cinayətdə iştirak edən digər şəxslərin dairəsinin genişləndirilməsi istiqamətində istintaq hərəkətləri davam edir.
Elquca Tavberidzenin sözlərinə görə, Maliyyə Nazirliyinin İstintaq Xidməti maliyyə-iqtisadi sahədə törədilən cinayətlərə qarşı sərt cinayət-hüquq siyasətini gələcəkdə də davam etdirəcək.
mənbə: interpress